Rəsmi Kiyev: “Qərb Ukraynanı sıxışdırmaq, müharibənin intensivliyini azaltmaq istəyir”
“NATO nümayəndəsi Stian Yenssenin açıqlaması göstərir ki, Qərb artıq Ukraynanı sıxışdırmaq, müharibənin intensivliyini azaltmaq, indiki durumu uzunmüddətli münaqişəyə çevirmək istəyir”.
Zengezur.tv UNIAN-a istinadən xəbər verir ki, bunu Ukrayna Prezident Ofisinin rəhbərinin müşaviri Mixaylo Podolyak deyib.
O bildirib ki, S.Yenssenin Ukraynanı torpaq güzəştinə getməsinə çağırması təsadüfi işlənmiş ifadə deyil: “O, faktiki olaraq dedi ki, müharibə bizim məğlubiyyətimizlə başa çatmalıdır”.
M.Podolyakın sözlərinə görə, S.Yenssenin üzr istəməsi əhəmiyyətsizdir: “Onun səsləndirdiyi fikirlər ciddi fəlakətə səbəb ola bilər”.
Qeyd edək ki, S.Yenssen daha əvvəl NATO-ya üzvlük müqabilində Ukraynanı torpaq güzəştinə getməyə təklif etmişdi. Rəsmi Kiyev isə bu təklifi qəti şəkildə rədd etmişdi. Bunun ardınca NATO Baş katibi Yens Stoltenberq Ukraynanın mövqeyini dəstəklədiyini və danışıqlar şərtini ancaq Kiyevin müəyyənləşdirəcəyini söyləmişdi.