Qərbi Azərbaycan İcması Belçika xarici işlər nazirinin bəyanatını qınayıb
“Qərbi Azərbaycan İcması Belçikanın xarici işlər nazirinin 2023-cü il 22 avqust tarixində İrəvanda səsləndirdiyi qərəzli fikirlərini qınayır. Bu, artıq belçikalı nazirin avqust ayı ərzində Azərbaycana qarşı ikinci açıqlamasıdır”.
Bu barədə Qərbi Azərbaycan İcmasının son bəyanatında bildirilib.
“Əslində, belçikalı nazir İrəvandakı görüşlər zamanı qərbi azərbaycanlıların Ermənistana qayıdışı məsələsini qaldırmalıydı. Lakin hiss olunur ki, o, ya keçmiş münaqişənin mahiyyəti barədə ümumiyyətlə məlumatsızdır, ya da Ermənistanın uydurduğu qondarma hekayələrin təsiri altındadır.
Xarici işlər nazirinə xatırladırıq ki, Belçika 30 il ərzində Ermənistanı Azərbaycan torpaqlarının işğalına son qoymağa çağırmamışdır. Qərbi Azərbaycan İcması bir daha Belçikanı ikili standartlar siyasətinə son qoymağa və Azərbaycanın daxili işlərinə müdaxilə etməməyə çağırır”, – deyə qurumun yaydığı bəyanatda qeyd edilib.