Qafan-İrəvan aviareysi baş tutmayıb
Qafan-İrəvan aviareysi bu gün baş tutmayıb.
Zengezur.tv-nin xəbərinə görə, Ermənistan mənbələri yazır ki, İrəvandan Qafana təyyarə gəlmədiyinə görə əks istiqamətdə də uçuş olmayıb.
İrəvana bilet almış şəxslər isə taksi, ya da şəxsi avtomobilləri ilə Ermənistan paytaxtına yollanmalı olublar.
Qeyd edək ki, Ermənistan hökuməti bu həftənin əvvəlindən İrəvandan Azərbaycanla həmsərhəd olan Qafan şəhərinə müntəzəm reyslərin həyata keçirilməsinə başlanıldığını bildirib.
Lakın İrəvanın bu qərarı Azərbaycanda kəskin etirazla qarşılanıb. Bakıda hesab edirlər ki, Qafan aeroportu sərhədin çox yaxınlığında yerləşdiyindən Ermənistan müntəzəm aviareyslərə başlama qərarını Azərbaycanla razılaşdırmalıydı.
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov bildirib ki, dünyada, o cümlədən Avropada sərhəd və sərhədyanı hava limanları da var. Lakin bütün hallarda bu hava limanlarının inşası, fəaliyyəti beynəlxalq hüquqla tənzimlənir: “Məsələn, Avropa ölkələrinin timsalında bu, ya ümumavropa, ya da ikitərəfli müqavilələrlə tənzimlənir. Ermənistanın isə Qafan hava limanı ilə bağlı Azərbaycanla heç bir razılaşması yoxdur”.
Ziyafət Əsgərovun sözlərinə görə, Azərbaycan Zəngilan hava limanını inşa edərkən sərhəddən uzaq məsafə seçilib, hətta, marşruta təsir edə biləcək küləyin mümkün gücü də nəzərə alınıb ki, təyyarələrin Ermənistan ərazisinə keçməsi riski olmasın: “Qafan hava limanı isə Azərbaycan mövqelərinə çox yaxındır. Hətta aeroportun içində nə baş verdiyini vizual olaraq rahat izləmək olur. Belə olan halda hava limanından eniş və uçuş zamanı təyyarələrin Azərbaycanın hava məkanını pozması qaçılmazdır. Digər tərəfdən, Ermənistanın sülh müqaviləsi imzalamadığı bir dövlətlə sərhəddə hava limanı tikməsi absurddur. İndiyədək Ermənistanda “təhlükəsizliklə bağlı” bir neçə dəfə Qafan hava limanının açılışını təxirə salıb. Bundan başqa, “mülki” adı altında Ermənistanın bu hava limanından hərbi məqsədlər üçün istifadə etməyə çalışacağını düşünmək üçün hər cür əsas var”.