• 16 Noyabr 2024

Ballıqaya qətliamının 31-ci ili

 Ballıqaya qətliamının 31-ci ili

Ermənistan hərbi birləşmələri tərəfindən dinc azərbaycanlılara qarşı törədilən Ballıqaya qətliamından 31 il keçir.

Zengezur.tv xəbər verir ki, 1992-ci il avqustun 27-dən 28-nə keçən gecə erməni quldurları Laçın rayonundan məcburi köçkün düşən və Goranboy rayonunun Ballıqaya kəndində müvəqqəti məskunlaşmış 24 nəfər azərbaycanlı mülki şəxsi amansızlıqla qətlə yetirib, 9 nəfəri yaralayıblar.

Qətlə yetirilənlərin arasında 6 azyaşlı uşaq, o cümlədən 6 aylıq körpə də olub, 3 azyaşlı uşaq hər iki valideynini itirib. Öldürülmüş dinc insanların bəzilərinin meyitləri yandırılıb. Ballıqayada 93 yaşında qoca qadına da aman verilməyib, ümumilikdə öldürülənlərin əksəriyyəti uşaqlar, qadınlar və qocalar olub. Doqquz nəfər ağır yaralanıb.

Qətlə yetirilən və ağır bədən xəsarəti alan şəxslərin hamısı heyvandarlıqla məşğul olan mülki şəxslər, çobanlar və onların ailə üzvləri idi.

Ballıqaya faciəsi Ermənistan silahlı qüvvələrinin bundan əvvəl Xocavəndin Qaradağlı kəndində, Xocalıda, Kəlbəcərin Ağdaban kəndində Qarabağın azərbaycanlı əhalisini kompakt şəkildə məhv etmək niyyəti ilə törədilmiş silsilə kütləvi qırğın aktlarından biridir. Bu qətliam zamanı beynəlxalq humanitar hüquq normaları kobud şəkildə pozulub. Bütün beynəlxalq hüquq normalarına və bəşəri dəyərlərə zidd olaraq mülki insanlar – azyaşlı uşaqlar, qadınlar və qocalar qətlə yetirilib. Ballıqaya qətliamı ilə bağlı materiallar, maddi sübutlar və faktlar Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Memorial Soyqırımı Muzeyində saxlanılır.

Qeyd edək ki, Azərbaycan Ordusu ötən ilin payızında 44 günlük müharibə zamanı işğalçı Ermənistanın silahlı qüvvələrini darmadağın edərək, düşmənin xalqımıza qarşı törətdiyi bütün qətliamların qisasını alıb.