• 16 Noyabr 2024

Fransa məktəblərdə müsəlman geyimlərini qadağan edəcək

 Fransa məktəblərdə müsəlman geyimlərini qadağan edəcək

Fransa hakimiyyəti məktəblərdə əbayələrin – bədəni tamamilə örtən və adi paltarın üstündən geyilən müsəlman qadın paltarlarının geyinilməsini qadağan etmək niyyətindədir.

Bu barədə ölkənin yeni milli təhsil və gənclərlə iş üzrə naziri Qabriel Attal məlumat verib.

“Respublikada məktəb dünyəvilik kimi möhkəm prinsiplər üzərində qurulub. Dünyəvilik məktəb vasitəsilə özünü azad etmək azadlığıdır. Sinif otağına girəndə şagirdlərin dinini təkcə onlara baxmaqla müəyyən edə bilməməlisən”, – o, TF1 telekanalının efirində bildirib.

Nazir söz verib ki, gələn həftə məktəb rəhbərləri ilə bu qadağanın necə həyata keçiriləcəyini müzakirə edəcək.

Xatırladaq ki, 2004-cü il martın 15-dən Fransanın təhsil müəssisələrində dini simvolları və ya inancları simvolizə edən geyimlər qadağan olunub.