• 14 Noyabr 2024

“Avropa İttifaqının məsələlərə ikili standartlardan yanaşması təəssüf doğurur” – Qərbi Azərbaycan İcması

 “Avropa İttifaqının məsələlərə ikili standartlardan yanaşması təəssüf doğurur” – Qərbi Azərbaycan İcması

“Qərbi Azərbaycan İcması Avropa İttifaqının 2023-cü il 12 sentyabr tarixli və son günlər verdiyi digər açıqlamalar ilə əlaqədar bildirir ki, Avropa İttifaqının məsələlərə ikili standartlar prizmasından yanaşmaqda davam etməsi təəssüf doğurur”.

Zengezur.tv xəbər verir ki, bu barədə icmanın yaydığı məlumatda bildirilir.

“Sual meydana çıxır ki, gərginliyin azaldılmasının vacibliyindən, sülhdən danışan Avropa İttifaqı nəyə görə Ermənistan rəhbərliyini öz ordusunun qalıqlarını Azərbaycanın suveren ərazilərindən çıxarmağa, təxribatçı açıqlama və hərəkətlərə son qoymağa, qeyri-qanuni erməni dəstələrinin tərk-silah edilməsinə çağırmır?

Avropa İttifaqı öz bəyanatlarında Qarabağın Azərbaycana məxsus olmasını aydın şəkildə göstərməlidir. Ermənistan hakimiyyətinin Azərbaycanın ərazi bütövlüyünü ən azı sözdə tanıdığı bir vaxtda Avropa İttifaqının “Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti” kimi ifadə işlədərək ərazinin kimə məxsus olmasını bildirməməsi, “Stepanakert” adının qeyd edilməsi tamamilə qəbuledilməzdir. Azərbaycanın ərazi bütövlüyü və suverenliyi heç bir Avropa İttifaqı ölkəsinin ərazi bütövlüyü və suverenliyindən əskik deyil.

Avropa İttifaqının Azərbaycanın Qarabağ bölgəsinin erməni sakinlərini qeyri-qanuni rejimin ətrafında birləşməyə çağırması Azərbaycanın Konstitusiyasına və suverenliyinə hörmətsizlikdir.

Avropa İttifaqının “Qarabağ ermənilərinin nümayəndələri ilə gündəlik təmaslarda olması” da ikili standartların bariz nümunəsidir. Azərbaycandan “Qarabağ ermənilərinin hüquq və təhlükəsizliyinin təmin edilməsi üçün onlarla dialoq aparması”nı gözləyən Avropa İttifaqı nədənsə Ermənistanı deportasiya etdiyi Qərbi azərbaycanlılar ilə dialoqa çağırmır. Avropa İttifaqı onun Azərbaycan cəmiyyətində imicinə xələl yetirən belə ədalətsiz siyasətdən çəkinməlidir”, – İcmanın məlumatında qeyd edilir.