• 15 Noyabr 2024

Qarabağ ermənilərinin nümayəndələri Yevlaxda

 Qarabağ ermənilərinin nümayəndələri Yevlaxda

Bu gün Azərbaycanın Yevlax şəhərində rəsmi Bakı ilə Qarabağ ermənilərinin nümayəndələrinin görüşü keçiriləcək.
Zengezur.tv xəbər verir ki, Azərbaycanın sentyabrın 19-da Qarabağda başladığı antiterror tədbirlərindən 23 saat 43 dəqiqə sonra separatçılar təslim olduqlarını bəyan ediblər. Nəticədə Rusiya sülhməramlı kontingentinin vasitəçiliyilə antiterror tədbirləri dayandırılıb.

Bu gün Yevlaxda keçiriləcək görüşə gələn erməni nümayəndələrini Rusiya sülhməramlı kontingenti müşayiət edir.

Xankəndindən gələn nümayəndə heyəti bu dəqiqələrdə Ağdam rayonunu keçib Yevlax şəhər istiqamətinə doğru hərəkət edir.

Görüşün yaxın saatlarda başlayacağı gözlənilir.

Razılaşmaya görə, aşağıdakı tələblər icra olunmalıdır:
1. Azərbaycan Respublikasının Qarabağ bölgəsində yerləşən Ermənistan silahlı qüvvələrinin birləşmələri, qeyri-qanuni erməni silahlı dəstələri silahı yerə qoyur, döyüş mövqelərindən və hərbi postlardan çıxır və tam şəkildə tərksilah olunurlar. Ermənistan silahlı qüvvələrinin birləşmələri Azərbaycan ərazilərini tərk edir, qeyri-qanuni erməni silahlı dəstələri buraxılır.

2. Paralel şəkildə bütün silah-sursat və ağır texnika təhvil verilir.

3. Yuxarıda qeyd olunan proseslərin Rusiya sülhməramlı kontingenti ilə əlaqələndirilmiş şəkildə həyata keçirilməsi təmin edilir.