• 17 Noyabr 2024

Rusiya Ermənistan deputatlarına sanksiya tətbiq edəcək

 Rusiya Ermənistan deputatlarına sanksiya tətbiq edəcək

Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) Roma Statutunun ratifikasiyasını təşviq edən və rusofob mövqe tutan Ermənistan parlamentinin deputatlarına qarşı sanksiyaların tətbiqi ehtimalı var.

Zengezur.tv xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının beynəlxalq məsələlər komitəsinin sədr müavini Aleksey Çepa bildirib.

O iddia edib ki, Ermənistanın Baş naziri Nikol Paşinyanın rusofob siyasəti ABŞ-nin təzyiqi ilə baş verir və bu davranışlara görə parlament üzvləri də məsuliyyət daşıyırlar.

Xatırladaq ki, dünən Ermənistan parlamenti Roma Statutunu ratifikasiya edib. Müxalifətin boykot etdiyi parlament iclasında hakim partiya nümayəndələri ratifikasiya edilən sənədin Rusiyaya qarşı yönəlmədiyini deyiblər. İqtidar ratifikasiyanın Azərbaycanla əlaqəli olduğunu müdafiə edib. Bundan əvvəl “Hayastan” fraksiyasının katibi Artsvik Minasyan məsələnin parlament müzakirələrinin gündəliyinə salınmasını Ermənistan Konstitusiyasına zidd adlandırıb.

Beynəlxalq Cinayət Məhkəməsi Rusiya Prezidenti Vladimir Putinin həbs edilməsi barədə order çıxarıb. BCM-nin qərarına əsasən, Putin məhkəmənin qərarını tanıyan ölkələrin ərazisində olan zaman həbs olunmalıdır. Rəsmi Moskva BCM-nin məlum qərarını tanımadığını, bu qərarın Rusiya Federasiyası üçün əhəmiyyətsiz olduğunu açıqlayıb.