Ali Məhkəmədə yeni hakimlərin andiçmə mərasimi keçirilib
Azərbaycan Ali Məhkəməsi Plenumunun növbəti iclası keçirilib.
Ali Məhkəmdən verilən məlumata görə, toplantıda Prezident İlham Əliyevin 2023-cü il 11 oktyabr tarixli Sərəncamı ilə birinci instansiya məhkəmələrinə təyinat alan 32 hakimliyə namizədin andiçmə mərasimi keçirilib.
Ali Məhkəmənin sədri İnam Kərimov yeni təyin olunmuş hakimləri təbrik edərək, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb. Sədr məhkəmə hakimiyyətinin nüfuzunun artırılması istiqamətində görülmüş işlərdən danışıb, yeni hakimlərə şərəfli hakim adını hər zaman uca tutmağı tövsiyə edib.
Sonra hakimlər növbə ilə andiçmə üçün kürsüyə dəvət olunub. Onlar “Məhkəmələr və hakimlər haqqında” Qanunun tələbinə əsasən ədalət mühakiməsini Azərbaycan Respublikasının Konstitusiyasına və Qanunlarına tam uyğun olaraq, qərəzsiz, ədalətlə həyata keçirəcəyinə, hakimin müstəqilliyini və ləyaqətini qoruyub saxlayacağına, yüksək hakim adına hörmət ruhunda davranacaqlarına and içiblər.
Daha sonra yeni təyin olunmuş hakimlər Vüsalə Musayeva və Fərman Həmidli çıxış edərək, məhkəmə müstəqilliyinin təminatçısı olan ölkə Prezidentinə minnətdarlıqlarını ifadə edib, onlara göstərilən yüksək etimadı doğruldacaqlarına söz veriblər.
Sonda hakim vəzifələrinə yeni təyin olunmuş şəxslərə hakimin xüsusi geyim forması təqdim olunub.