Nazirlikdən şagirdlərin qidalanma təhlükəsizliyi barədə AÇIQLAMA
“Məktəbyaşlı uşaqların qidalanma təhlükəsizliyi əsas amil kimi hər zaman diqqət mərkəzindədir. Bu baxımdan təhsili idarəetmə qurumları iaşə xidmətlərinə, qida təhlükəsizliyinə nəzarət edən dövlət qurumları ilə birgə əməkdaşlıq edir”.
Bu barədə Elm və Təhsil Nazirliyindən bildirilib.
Qeyd olunub ki, uşaqların sağlamlığı və düzgün qidalanması ilə bağlı mütəmadi olaraq təhsil müəssisələrində aparılan maarifləndirmə tədbirləri məktəblilərin bu baxımdan məlumatlılığını artırmağa xidmət edir.
Xatırladaq ki, oktyabrın 24-də Binə qəsəbəsində yerləşən 88, 117, 121 və 149 nömrəli tam orta məktəblərdə təhsil alan 20-dən çox şagirddə müxtəlif vaxtlarda qida mənşəli narahatlıq və ürəkbulanma əlamətlərinin müşahidə edilməsi haqqında məlumat daxil olub.
TƏBİB-in tabeliyində fəaliyyət göstərən Sabunçu Tibb Mərkəzinin nəzdindəki 5 saylı Uşaq Yoluxucu Xəstəliklər Xəstəxanasında zəhərlənmə ilə bağlı ümumilikdə 23 uşaq hospitalizasiya olunub. Onların hər birinə zəruri tibbi xidmətlər göstərilib. 1 uşaq ailəsinin iltizamnaməsi ilə, 1 uşaq isə ambulator müalicə üçün artıq evə buraxılıb. Hazırda 21 nəfərin müalicəsi davam etdirilir. Vəziyyətləri stabildir.
Uşaqların səhhətləri Elm və Təhsil Nazirliyinin, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin, eləcə də TƏBİB rəhbərliyinin nəzarətindədir.