Azərbaycanda daşınmaz əmlakın dövlət qeydiyyatı 44% artıb
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda 373 647 daşınmaz əmlak üzərində mülkiyyət hüququ dövlət qeydiyyatına alınıb.
Bu barədə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətindən bildirilib.
Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 43,8% çoxdur.
9 aylıq göstəricinin 58 314-ü və yaxud 15,6%-i ilkin, 315 333-ü və yaxud 84,4%-i isə təkrar qeydiyyatın payına düşüb.
Hesabat dövründə mülkiyyət hüququ qeydiyyata alınmış əmlaklardan 40 205-i fərdi yaşayış və bağ evi, 72 566-sı mənzil, 252 405-i torpaq sahəsi, 2 374-ü qeyri-yaşayış binası, 5 487-si qeyri-yaşayış sahəsi, 531-i əmlak kompleksi, 79-u isə çoxmərtəbəli yaşayış binasıdır. Bu dövrdə dövlət qeydiyyatına alınan daşınmaz əmlakların 76 359-u Bakının, qalanı isə bölgələrin payına düşür.
Yanvar-sentyabrda 300 179 daşınmaz əmlakın texniki inventarlaşdırılması aparılıb və texniki pasportu tərtib edilib. Bu, bir il əvvələ nisbətən 47,7% çoxdur. Son bir ildə qeydiyyata alınan ipoteka müqavilələrinin sayı isə 19,6% artaraq 61 393 təşkil edib.