• 17 Noyabr 2024

Daha 20 ailə Laçına yola düşdü

 Daha 20 ailə Laçına yola düşdü

Oktyabrın 30-da növbəti köç karvanı Bakı şəhərinin Qaradağ rayonundakı “Qobu park 3” yaşayış kompleksindən yola salınıb.

Zengezur.tv xəbər verir ki, bu mərhələdə Laçın şəhərinə Bakı və Sumqayıtda məskunlaşmış 16 ailə, yəni 59 nəfər yola düşüb. Bu gün, həmçinin Beyləqan və Şamaxı rayonlarında məskunlaşmış daha 4 ailə (11 nəfər) isə yaşadıqları ərazidən yola salınacaq. Onlar Horadiz şəhərində köç karvanına qoşularaq bir yerdə hərəkət edəcəklər.

 

Qeyd edək ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun qazandığı Zəfər nəticəsində məcburi köçkünlərin 30 ildən sonra könüllü, təhlükəsiz və ləyaqətlə doğma yurdlarına qayıtmalarına imkan yaranıb.

 

Daha da gözəlləşən və abadlaşan Laçın şəhərinin sakinləri hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, torpaqlarımızı işğaldan qurtaran rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildiriblər, bu yolda canlarından keçən şəhidlərimizi dərin ehtiramla yad ediblər.

 

Köçürülən ailələr Laçın şəhərində vaxtilə yaşadıqları, işğala son qoyulduqdan sonra dövlətimizin başçısının göstərişi əsasında bərpa edilən və ya yenidən tikilən evlərdə məskunlaşacaqlar.

 

Bununla da Laçın şəhərində 315 ailənin (1205 nəfər) daimi məskunlaşması təmin ediləcək.