• 14 Noyabr 2024

“Yunan nazirin açıqlamaları rəsmi Afinanın Azərbaycanın suverenliyinə qarşı açıq-aşkar hörmətsizliyidir” – İcma

 “Yunan nazirin açıqlamaları rəsmi Afinanın Azərbaycanın suverenliyinə qarşı açıq-aşkar hörmətsizliyidir” – İcma

Yunanıstanın xarici işlər naziri Yorqos Qerapetritisin Ermənistana səfəri zamanı səsləndirdiyi fikirlər rəsmi Afinanın Azərbaycanın suverenliyinə qarşı açıq-aşkar hörmətsizliyidir.

Zengezur.tv-nin xəbərinə görə, bu barədə Qərbi Azərbaycan İcmasının yaydığı bəyanatda qeyd olunub.

Bildirilib ki, Yunanıstanın xarici işlər naziri İrəvanda ölkəsinin “Qarabağda xristian ocaqlarının qorunması və onlara dəymiş ziyanın müəyyənləşdirilməsi məqsədilə Avropa İttifaqı və UNESCO çərçivəsində kampaniyaya start verəcəyi”ni söyləyib.

“Yunan nazirin bu açıqlamalarını rəsmi Afinanın Azərbaycanın suverenliyinə qarşı açıq-aşkar hörmətsizliyi və onun daxili işlərinə kobud müdaxiləsi kimi qiymətləndiririk.

Yunanıstan məsələlərə etnik və dini təəssübkeşlik prizmasından baxmamalı, Azərbaycana qarşı təxribatçı addımlar atmamalı, Ermənistandan Azərbaycan xalqının mədəni irsini məhv və təhrif etməməyi, UNESCO-nun fakt araşdırıcı missiyasının səfərinə imkan verməyi tələb etməlidir”, – Qərbi Azərbaycan İcmasında bildirilib.