Yaqub Eyyubov MDB İqtisadi Şurasının iclasında iştirak edib
Moskvada martın 29-da MDB İqtisadi Şurasının 101-ci iclası keçirilib, iclasda Birlik ölkələri arasında iqtisadi əməkdaşlığın geniş spektri məsələləri nəzərdən keçirilib.
İclasa Rusiya Federasiyası Hökuməti sədrinin müavini Aleksey Overçuk sədrlik edib.
İclasda Azərbaycanı Baş nazirin birinci müavini Yaqub Eyyubov təmsil edib.
İqtisadi Şuranın üzvləri MDB-nin Regionlararası və Transsərhəd Əməkdaşlıq Şurasının 2019-2023-cü illərdə fəaliyyəti haqqında məlumatı dinləyiblər.
İclasda MDB ölkələri arasında kimya sənayesi sahəsində əməkdaşlığın gələcək inkişafı Konsepsiyası və onun həyata keçirilməsi üzrə Tədbirlər Planı, MDB ölkələrinin qarşılıqlı ticarətində maneələr məsələsi və onların aradan qaldırılması üçün tövsiyələr, yüngül sənayedə əməkdaşlıq, MDB orqanlarının maliyyələşdirilməsi, sığorta xidmətləri bazarının inkişafı, 2030-cu ilə qədər olan dövr üçün MDB-nin İqtisadi İnkişaf Strategiyasının birinci mərhələsinin həyata keçirilməsi üzrə Tədbirlər Planının icrası mələsələrinə baxılıb.
İqtisadi Şuranın növbəti iclasının 2024-cü il iyunun 21-də Moskvada keçirilməsi planlaşdırılır.