• 13 Noyabr 2024

Politoloq: Prezident sülh istəməyən Ermənistana birmənalı mesajlar verdi

 Politoloq: Prezident sülh istəməyən Ermənistana birmənalı mesajlar verdi

Prezident İlham Əliyev Milli Məclisin yeni tərkibdə ilk iclasında çıxışında sülh istəməyən Ermənistana və Ermənistanı dəstəkləyən dairələrə birmənalı mesajlar verdi, xəbərdarlıq edildi.

Bunu APA-ya açıqlamasında “Bakı Politoloqlar Klubu” İctimai Birliyinin sədri Zaur Məmmədov bildirib.

Zaur Məmmədov deyib ki, Qərbin Ermənistana dəstəyi təsadüfi deyil. Cənubi Qafqazda tarixi Azərbaycan torpaqlarında Ermənistan dövlətinin yaradılması hazırda BMT Təhlükəsizlik Şurasında yer alan 5 dövlətdən 4-nün bu və ya digər şəkildə iştirakı ilə baş tutub və həmin dövlətlər Azərbaycan torpaqlarının 30 illik işğalına son qoyulmasında, status-kvonun dəyişməsində maraqlı deyildi: “Vaxtilə ermənilər üçün bölgədə heç zaman mövcud olmayan dövlət quran, Zəngəzuru iki hissəyə parçalayaraq qərb hissəsini Ermənistana verən, Qarabağda muxtar vilayət quran beynəlxalq subyektlər bu gün də anti-Azərbaycan siyasəti apararaq, bölgədə maraqlarını həyata keçirmək üçün əllərindən gələni edirlər. Azərbaycanın sülh təklif etməsi fonunda məğlub və işğalçı Ermənistana silah satmaq, bu ölkəylə hərbi və texniki əməkdaşlığı gücləndirmək təbii ki, sülhə yox, yeni müharibəyə xidmət edir. 21-ci əsrdə işğalçı ölkənin bəzi Qərb ölkələri tərəfindən mükafatlandırılması çox pis bir örnəkdir. Məsələn, tarixə baxsaq, faşist Almaniyasına münasibətdə qlobal cəzalandırma mexanizmi işə düşmüşdü. Ancaq indi Ermənistana fərqli münasibət var. Üstəlik, Azərbaycanı Qarabağın dağlıq hissəsində etnik təmizləmədə günahlandırmaq, öz müqəddəratını təyin etmək məsələsini yenidən gündəmə gətirmək cəhdləri müşahidə edirik. Nəinki müdafiə, hətta Ermənistana hücum təyinatlı texnika və silahlar hədiyyə olunur, müxtəlif vasitələrlə, fondlarla Ermənistana yardımlar, ianələr ayrılır”.

Politoloq qeyd edib ki, bunların fonunda Azərbaycan hərbi gücünü artırır: “Prezident İlham Əliyev də parlamentdə çıxışında bəyan etdi ki, bu istiqamət bundan sonra da əsas prioritet olacaq. O cümlədən Azərbaycanın müdafiə sənayesinin inkişafı da diqqət mərkəzindədir”.

Zaur Məmmədov Ermənistanın məqsədyönlü şəkildə sülh prosesini pozduğunu söyləyib: “Sülh sazişi layihəsi ilə bağlı Ermənistanın son cavabının 70 gün sonra Azərbaycana təqdim olunması da bundan xəbər verir. Bu onun göstərir ki, Ermənistan COP29-un keçiriləcəyi bu ildə Azərbaycanla sülh müqaviləsinin imzalanması niyyətində deyil, vaxtı uzadır. Son vaxtlar Ermənistanda “Dağlıq Qarabağ” ifadəsinin tez-tez səslənməyə başlaması, Ermənistan Baş naziri və xarici işlər nazirinin Azərbaycanın Qarabağda antiterror əməliyyatları aparmasının ildönümündə etnik təmizləmədən bəhs etməsi, bu ölkədəki siyasi dairələrin Azərbaycan əleyhinə açıqlamaları, Azərbaycan və Türkiyəyə qarşı ərazi iddialarının yer aldığı Konstitusiyanın dəyişdirilməməsi, Minsk qrupu ilə bağlı mövqedə dəyişiklik olmaması göstərir ki, bölgədə müharibə riski artmaqdadır. Əgər bu il sülh sazişinə imza atılmasa, o halda gələn ildən başlayaraq şərti sərhəddə vəziyyətin daha da gərginləşməsi müşahidə oluna bilər. Ermənistanın mütəmadi olaraq Azərbaycanla şərti sərhəddə atəşkəsi pozması, kəşfiyyat-diversiya xarakterli addımlar atması, Qərbdən gələn hərbi mütəxəssislər tərəfindən Ermənistan ordusunda təlimlərin keçirilməsi təsadüfi sayıla bilməz. Bundan əvvəl Zəngəzur bölgəsinə Avropa İttifaqının xüsusi missiyası adı altında kəşfiyyatçı və döyüşçüləri gətirən Qərbdəki bəzi dairələr vahid ssenari əsasında hərəkət etdiklərini göstərirlər. Fransa və ABŞ-dakı müəyyən dairələr Zəngəzur dəhlizində möhkəmləndikdən sonra bölgədə geosiyasi maraqlarını həyata keçirmək üçün yeni təxribatlara əl atmaq niyyətindədir. Biz əvvəllər belə planların necə həyata keçirildiyini Avrasiyanın digər yerlərində görmüşük. Təəssüflər olsun ki, Ermənistan rəhbərliyinin apardığı siyasət Cənubi Qafqazda da qarşıdurmanın kəskinləşməsi ehtimalını yüksəldir. Amma hər kəs, xüsusən Ermənistanın arxasında duran qüvvələr başa düşməlidir ki, heç kəs Azərbaycanı öz yolundan çəkindirə bilməyəcək. Əgər təhdidlər davam edəcəksə, Azərbaycan Ordusu lazımi addımları atacaq. Doğurdan da sülh müqaviləsinin imzalanması üçün real şans var. Bunun üçün Azərbaycanın çox sadə şərti var. Əgər söhbət dayanıqlı sülhdən gedirsə, o zaman Ermənistan Azərbaycana qarşı ərazi iddiasının olmadığını rəsmi şəkildə bildirməli, yeni Konstitusiya qəbul etməlidir. Əgər Ermənistan yeni Konstitusiya qəbul etmirsə, deməli, Azərbaycana qarşı ərazi iddiaları davam edəcək. Vaxtilə Azərbaycan torpaqlarında qurulmuş Ermənistan indi də Azərbaycan torpaqlarına qarşı ərazi iddialarını davam etdirəcəksə, aqibətini düşünsə yaxşıdır”.