“QƏRBİ AZƏRBAYCANIN ŞİRİN İNCİLƏRİ” KİTABININ TƏQDİMATI OLUB
“Xanədan” etno-restoranında Azərbaycan Milli Kulinariya Assosiyasiyasının “Qərbi Azərbaycanın şirin inciləri” adlı kitabının təqdimat mərasimi keçirilib. Azərbaycan Respublikasının Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Qrant layihəsi çərçivəsində Azərbaycan Milli Kulinariya Assosiyasiyası tərəfindən hazırlanmış “Qərbi Azərbaycanın şirin inciləri” kitabının təqdimatı “20 oktyabr – Dünya Kulinariya günü”nə həsr edilib.
Təqdim olunan kitab haqqında ümumi məlumat verən Azərbaycan Milli Kulinariya Assosiasiyasının prezidenti Tahir Əmiraslanov layihənin Azərbaycan Respublikasının Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin xüsusi dəstəyi ilə ərsəyə gəldiyini vurğulayıb: “Qərbi Azərbaycanın şirin inciləri” adlı bu kitab Qərbi Azərbaycan ərazisində yüzilliklər boyu formalaşan və ermənilər tərəfindən özününküləşdirilən ənənəvi şirniyyatların reseptlərinin bərpasını və tarixi-etnoqrafik tədqiqatını əhatə edir.
Kitaba ön söz yazan Azərbaycan Respublikasının Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün xanım Əliyeva çıxışında onun elmi, praktiki, mədəni mahiyyəti ilə yanaşı, siyasi mahiyyətini də açıqlayıb, görülmüş işi yüksək dəyərləndirib:
“Qərbi Azərbaycan mətbəxini biz çoxdan toplayırıq. Bu gün təqdimatını etdiyimiz “Qərbi Azərbaycanın şirin inciləri” kitabında Qərbi Azərbaycanın mətbəxi və şirniyyatlarının tarixi haqqında da məlumat verilir. Yüzdən çox şirniyyatın hazırlanma qaydaları, maraqlı şəkilləri ilə birgə bu kitabda qeyd olunub. Kitabın özünəməxsusluğu ondadır ki, ilk dəfə rəssamlarımız tərəfindən Qərbi Azərbaycan şirniyyatlarının rəsmləri çəkilib. Kitab çox gözəl tərtib olunub. Layihənin üzərində bir çox hörmətli insanlar işləyiblər. Bu gözəl kitabı ərsəyə gətirməyimizdə əsas məqsədimiz Azərbaycanımızın milli mətbəx mədəniyyətini, onun tarixini, unudulmuş kulinariya incilərini toplayaraq, gələcək nəsillərimizə və bütün dünyaya ərməğan etməkdir. Kitabı elə bu səbəbdən həm doğma dilimizdə, həmçinin ingilis dilində hazırlamışıq”.
Kitabda Qərbi Azərbaycan mətbəxinə aid bərpa edilmiş ənənəvi şirniyyat düsturları ilk dəfə geniş şəkildə təqdim olunur. Sucuq, alana, İrəvan kətəsi, saray paxlavası, adi paxlava, xurma südü, göyçə badamburası, cilov kimi şirniyyatlar bu mətbəxin inciləri olaraq ilk dəfə oxuculara nəfis şəkildə təqdim edilib. Üz qabığında isə ermənilərin özününküləşdirməyə çalışdığı bu şirniyyatların rəsmləri yer alır. Kitabın son üz qabığında isə “Kəvər” adlı toponimdən götürülmüş paxlavanın təsviri əks olunub.
Kitabda geniş mövzulara toxunulub: unlu və qənnadı məmulatlarından başlayaraq, meyvə quruları, mürəbbələr, şəkərləmələr və içkilərə qədər müxtəlif şirniyyatlar ətraflı şəkildə təsvir olunub. Həmçinin, kitabın sonunda 58 ədəd ədəbiyyat siyahısı və bu sahə ilə bağlı məlumatlar verən 63 respondent haqqında məlumat yer alır.
Kitab həm tədqiqatçılar, həm də milli mətbəximizi öyrənmək istəyən kulinariya həvəskarları üçün əvəzsiz bir qaynaqdır.
Sonda tədbir iştirakçılarına Tahir Əmiraslanov və Aynurə Əmiraslanova tərəfindən yazılaraq, hazırlanmış “Qərbi Azərbaycanın şirin inciləri” kitabı təqdim edilib.
Tədbirdə Qərbi Azərbaycan İcmasının nümayəndələrinə, AMEA-nın alimlərinə , mətbuat nümayəndələrinə, sponsorlara, içtimai birliklərin sədrlərinə söz verilib. Tədbirdə həm də bütün qonaqlara kitab paylanıldı.
Kitab iki dildə – Azərbaycan və İngilis dillərində təqdim olunur və 220 səhifədən ibarətdir.
Kitab həm tədqiqatçılar, həm də milli mətbəximizi öyrənmək istəyən kulinariya həvəskarları üçün əvəzsiz bir qaynaqdır.
Müəllif: Aynur Nadirqızı