• 15 Noyabr 2024

İran XİN – Azərbaycan və Ermənistan arasındakı razılaşmaları müsbət qarşılayırıq

 İran XİN – Azərbaycan və Ermənistan arasındakı razılaşmaları müsbət qarşılayırıq

İran Azərbaycan və Ermənistan arasında birgə bəyanatın verilməsi, məhbusların mübadiləsini müsbət qarşılayır və bunu sülh razılaşmasının əldə olunması üçün alqışalayiq və konstruktiv addım olaraq qiymətləndirir.

Zengezur.tv-nin məlumatına görə, bunu İranın Xarici İşlər Nazirliyinin mətbuat katibi Nasir Kənani bu gün Tehranda keçirilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə, iki ölkə arasında birgə bəyanat məsələlərin həlli üçün regional dialoq və mexanizmlərin effektiv olduğunu bir daha təsdiqləyir.

Kənani bildirib ki, regionda davamlı sülhün əldə olunması regional tərəflər arasında əməkdaşlıq və etimad şəraitinin yaradılmasında mühüm amildir.

 

“İran ümid edir ki, iki ölkə arasında müzakirələr prosesi səmərəli nəticələnəcək. İran iki qonşu ölkəyə davamlı sülhü əldə etmək üçün kömək etməyə hazırdır”, – deyə o qeyd edib.

Qeyd edək ki, dekabrın 7-də Azərbaycan və Ermənistan birgə bəyanat veriblər. Bəyanata əsasən, qarşılıqlı olaraq saxlanılan hərbçilər azad edilib. Bəyanatda deyilir ki, Azərbaycan Respublikası və Ermənistan Respublikası yaxın gələcəkdə əlavə etimad quruculuğu tədbirlərinin həyata keçirilməsi üçün müzakirələri davam etdirəcəklər və beynəlxalq ictimaiyyəti iki ölkənin qarşılıqlı etimadın yaradılmasına töhfə verəcək, bütün Cənubi Qafqaz regionuna müsbət təsir göstərəcək səylərini dəstəkləməyə çağırırlar.