• 14 Noyabr 2024

Qərbi Azərbaycan İcması Borelə çağırış etdi

 Qərbi Azərbaycan İcması Borelə çağırış etdi
Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozep Borel növbəti dəfə anti-Azərbaycan mövqe nümayiş etdirib.

C. Borell Avropa Parlamentinin deputatlarının sorğusunu cavablandırarkən, Azərbaycanda ağır cinayət törətməkdə şübhəli bilinərək haqlarında həbs qətimkan tədbiri görülmüş, əli Azərbaycan xalqının qanına batmış bir qrup separatçının azad olunmasını tələb edərək, məhkəmənin işinə müdaxilə etməyə cəhd göstərib. Bundan əlavə, Aİ nümayəndəsi Azərbaycanın reinteqrasya təklifini rədd edərək, Qarabağdan köçüb getmiş ermənilərin qayıdışından danışdığı halda, Ermənistandan zorla qovulmuş azərbaycanlıların qayıdış hüququ barədə bir kəlmə də olsun danışmayıb.

Bütün bunlar Cozep Borellin qərəzini və ikili standartını nümayiş etdirir. Belə yanaşma Azərbaycan ictimaiyyətində Avropa İttifaqının imicinə ciddi xələl vurur.

Qərbi Azərbaycan İcması Avropa İttifaqını Azərbaycana qarşı qərəzli yanaşmasından imtina etməyə, sülh prosesinə mane olmamağa və Ermənistandan qovulmuş azərbaycanlıların dinc, təhlükəsiz və ləyaqətli şəkildə geri qayıtmasını dəstəkləməyə çağırır.