• 14 Noyabr 2024

Lənkəranda “Qərbi Azərbaycanın Şirin inciləri” kitabının təqdimatı olub

 Lənkəranda “Qərbi Azərbaycanın Şirin inciləri” kitabının təqdimatı olub

Lənkəranda Azərbaycan Respublikasının Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Qrant layihəsi çərcivəsində  Azərbaycan Milli Kulinariya Assosiyasiyasında hazırlanmış “Qərbi Azərbaycanın Şirin inciləri” kitabının təqdimatı olub. Kitabın təqdimatı  Q. Vəliyev adına Lənkaran şəhər Mədəniyyət Mərkəzində keçirilib. Tədbiri  Q. Vəliyev adına Lənkaran şəhər Mədəniyyət Mərkəzinin bədii rəhbəri Habil Əliyev açıb.

Lənkəran Dövlət Peşə Mərkəzinin direktoru Afər Kərimov, Azərbaycan Yazıçılar Birliyinin Lənkəran zona bölməsinin sədri Qafar Cəfərli, Lənkəran Dövlət Universitenin rektorunun müşaviri və kitabın rəyçisi Mikayıl Məhərrəmov,  LDU-nun tədris işləri üzrə prorektoru Zaur Məmmədov, LDU-nun Texnologiya kafedrasının müdiri Rəşad Əliyev, LDU-nun tarix kafedrası müdiri Kamal Mahmudov və Lənkəran-Astara Regional Mədəniyyət İdarəsinin rəisi Bəxtiyar Qılıncov kitabla bağlı öz fikirlərini bildiriblər. Qonaqlara və tədbir ştirakçılarına kitablar paylanıb.

Tahir Əmiraslanov və Aynurə Əmiraslanovanın birgə  müəllifi olduqları  “Qərbi Azərbaycanın Şirin İnciləri” adlı bu kitab Qərbi Azərbaycan ərazisində yüzilliklər boyu formalaşan və ermənilərin özününküləşdirdikləri  ənənəvi şirniyyatların disturlarının bərpasını və tarixi-etnoqrafik tədqiqatını əhatə edir.

Azərbaycan Respublikasının Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün xanım Əliyeva kitaba ön söz yazıb.

Kitab iki dildə – Azərbaycan və İngilis dillərində təqdim olunur və 220 səhifədən ibarətdir.

Kitabda Qərbi Azərbaycan mətbəxinə aid bərpa edilmiş ənənəvi şirniyyat düsturları ilk dəfə geniş şəkildə təqdim olunur. Sucuq, alana, İrəvan kətəsi, saray paxlavası, adi paxlava, xurma südü, göyçə badamburası, cilov kimi şirniyyatlar bu mətbəxin inciləri olaraq ilk dəfə oxuculara nəfis şəkildə təqdim edilib. Üz qabığında isə ermənilərin özününküləşdirməyə çalışdığı bu şirniyyatların rəsmləri yer alır. Kitabın son üz qabığında isə “Kəvər” adlı toponimdən götürülmüş paxlavanın təsviri əks olunub.

Kitabda geniş mövzulara toxunulub: unlu və qənnadı məmulatlarından başlayaraq, meyvə quruları, mürəbbələr, şəkərləmələr və içkilərə qədər müxtəlif şirniyyatlar ətraflı şəkildə təsvir olunub. Həmçinin, kitabın sonunda 58 ədəd ədəbiyyat siyahısı və bu sahə ilə bağlı məlumatlar verən 63 respondent haqqında məlumat yer alır.

Kitab həm tədqiqatçılar, həm də milli mətbəximizi öyrənmək istəyən kulinariya həvəskarları üçün əvəzsiz bir qaynaqdır.