ANAMA əməliyyatlara cəlb edilən itlərin sayını artırır
Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) əməliyyatlara cəlb edilən itlərin sayını artırır.
Bu barədə ANAMA-dan bildirilib.
Qeyd edilib ki, Marşal İrsi İnstitutu (Marshall Legacy Institute, MLI) ilə ANAMA arasında imzalanan Anlaşma Memorandumuna əsasən daha 6 baş Malinua cinsli minaaxtaran it (MAİ) Agentliyə təhvil verilib.
Xüsusi hazırlıq keçmiş minaaxtaran itlər Agentliyin Horadiz Regional Mərkəzində müəyyən olunmuş karantin rejimində saxlanıldıqdan sonra, Beynəlxalq Minatəmizləmə Standartlarına (IMAS) əsasən uyğunluğun qiymətləndirilməsi prosesindən keçirilir. Daha sonra müvafiq şəkildə Qarabağ və Şərqi Zəngəzurda icra olunan minatəmizləmə əməliyyatlarına cəlb olunacaq.
Qeyd edək ki, bu ilin fevral və aprel aylarında Agentliyə təhvil verilən minaaxtaran itlər aidiyyəti mərhələlərdən keçərək, işğaldan azad edilmiş ərazilərdə təhlükəsiz mühitin yaradılması istiqamətində öz töhfələrini verir.