Məscidlərdə vakant vəzifələrin tutulması üçün müsahibələr başlayıb
Sentyabrın 11-də Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən İslam dininə aid ibadət yerlərində (məscidlər) vakant vəzifələrin tutulması üçün növbəti müsahibə mərhələsi başlayıb.
Komitədən verilən xəbərə görə, 11-19 sentyabr tarixlərini əhatə edəcək ikinci mərhələdə imam və imam müavini vakansiyaları üzrə müraciət edən namizədlərin seçimi aparılacaq.
Müsahibənin 4-8 sentyabr tarixlərini əhatə edən birinci mərhələsində isə qadın dini ayinlərin icraçısı seçimi baş tutub.
Qeyd edək ki, 3 may-3 iyun tarixlərində sənəd qəbulu aparılan 19 vakant vəzifəyə (6 qadın dini ayinlərin icraçısı, 3 imam, 10 imam müavini) 113-ü qadın olmaqla, 293 nəfərin müraciəti qeydiyyata alınıb.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin müəyyənləşdirdiyi Müsahibə komissiyası tərəfindən aparılacaq seçimlər Azərbaycan İlahiyyat İnstitutunun binasında təşkil ediləcək. Qeydiyyatdan keçmiş hər bir namizədə müsahibənin keçiriləcəyi gün və saat haqqında fərdi qaydada məlumat verilir. Müsahibə komissiyası hər biri ilahiyyatçı olmaqla 7 nəfər üzvdən ibarətdir.