Ziya Bünyadov prospektində yeni yerüstü piyada keçidi tikilir
Vətəndaşların avtomobil yollarını rahat və təhlükəsiz şəkildə keçməsini təmin etmək məqsədilə paytaxt ərazisində daha bir yerüstü piyada keçidi inşa edilir.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) verilən məlumata görə, yeni yerüstü piyada keçidi Ziya Bünyadov prospektinin Xəlil Rza Ulutürk küçəsi ilə kəsişməsində tikilir.
Layihə üzrə keçidin uzunluğu 57 metr, daxili eni 3.5 metrdir. Yol səviyyəsindən hündürlüyü 5.8 metr təşkil edən keçid üstüqapalı və torşəkilli metal konstruksiyadan ibarət olacaq.
Prospektin sözügedən hissəsində hərəkət intensivliyi nəzərə alınaraq tikinti işləri hazırda gecə saatlarında aparılır.
İki giriş-çıxışdan ibarət olması nəzərdə tutulan keçiddə fiziki məhdudiyyətli insanların rahat hərəkətini təmin etmək üçün beynəlxalq standartlara uyğun oval tipli piyada pandusları quraşdırılacaq.
Layihə çərçivəsində yolun hər iki tərəfində yeni avtobus ciblikləri, avtobus dayanacağının, keçidin istismarına nəzarət edən işçilər üçün nəzarət otağının tikintisi, piyada keçidinin ətrafında abadlaşdırılma işlərinin görülməsi nəzərdə tutulub.