• 17 Noyabr 2024

Qərbi Azərbaycan icmasının yaradılması soydaşlarımızın Vətən torpağına qayıdışının başlanğıcıdır

 Qərbi Azərbaycan icmasının yaradılması soydaşlarımızın Vətən torpağına qayıdışının başlanğıcıdır

Tarixən torpaqlarımıza qənim kəsilən mənfur qonşularımız  vətənimizin dilbər guşələrini min bir hiylə ilə özününküləşdirmək  istəmişlər. Müxtəlif yollara əl ataraq təxribatlar törətmiş, milli maraqları naminə Azərbaycanı bir neçə yerə bölmüşlər. Tarixi ”Gülüstan və Türkmənçay” sülh müqavilələrinin  imzalanması  bu bölgünü daha da tezləşdirdi. Azərbaycanın şimalı çar Rusiyasının, cənubu isə türk mənşəli  Qacarlar sülaləsi olan İranın əsarəti altına düşdü. Türkmənçay sülh müqaviləsinin imzalanmasından 90 il sonra  şimali Azərbaycanda  milli qüvvələrin və milli məfkurənin daşıyıcılarının min bir zəhməti hesabına  şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin  müstəqilliyini elan etdi. Azərbaycanın qabaqcıl ziyalıları hesabına  yenicə müstəqilliyə qədəm qoymuş AXC qısa müddətdə bir çox sahələrdə uğurlara imza atdı. Milli universitetin təsis edilməsi, milli valyutanın tədavülə  buraxılması, ordu quruculuğu xalq cümhuriyyətinin əsas  fəaliyyətinin nəticəsi oldu.  Ancaq,   23 ay yaşamasına baxmayaraq cümhüriyyət ideyaları  sonrakı Azərbaycan dövlətçiliyinin bazisi oldu. 70 il sovet əsarətindən sonra  xalqımız yenidən öz müstəqilliyini bərpa etdi və bu müstəqillik bu gün əmin əllərdədir.

1918- ci ildə itirilmiş Qərbi Azərbaycanın mərkəzi İrəvan şəhəri və sonra 1920- ci ilin noyabrında   Ermənistana  bağışlanmış  Zəngəzur  mahalı btarixi torpaqlarımızın zaman -zaman itirilməsinin növbəti  təzahüri idi. Vətənin bu dilbər guşəsini ermənilərə bağışlayan Sovet Rusiyası yenə öz çirkin və məkrli siyasətlərini davam etdirməkdə idi. Belə ki,  SSR Nazirlər  Sovetinin  1947- ci ilin 23 dekabr  tarixli, 4083 saylı qərarına  əsasən Azərbaycanlıların tarixi torpaqlarından köçürülmə prosesinə başlanıldı. 1948-1953- cü illər aralığında 5 8 mindən çox soydaşımız zorla öz dədə-baba torpağını itirmək məcburiyyətində qaldı. Soydaşlarımız Azərbaycanın əsasən Kür-Araz ovalığına yerləşdirildi.

Torpaqlarımıza göz dikmiş mənfur  erməni qəsbkarları bununlada  kifayətlənmədi. 1988- ci ilin əvvəllərindən başlayaraq  Qərbi Azərbaycandan olan soydaşlarımızı (300 minə yaxın insan) öz doğma yurdlarından didərgin saldılar.  Doğma torpaqlarından qaçqın düşən insanlar Azərbaycanın müxtəlif  bölgələrinə  yerləşdirildilər. Soydaşlarımızın hüquqlarını müdafiə etmək məqsədilə  1989- cu ildə “Azəbaycan Qaçqınlar Cəmiyyəti” adlı qeyri-hökumət təşkilatı yaradıldı. Cəmiyyət cari ilin avqust ayının 3 -də  keçirilən ümumi  yığıncaqda  “Qərbi Azərbaycan İcması” adı ilə yenidən təşkil olundu.

İndiki  Ermənistan ərazisinin   Qərbi  Azərbaycan torpaqları olduğunu hə lə zamanında  Ulu öndər Heydər Əliyev dəfələrlə beynəlxalq  tribunalardan səsləndirmişdir. 1998- ci il 10 dekabr tarixdə “İslam sivilizasiyası Qafqazda” mövzusunda  keçirilmiş beynəlxalq simpoziumda çıxışı zamanı Ulu öndər Heydər Əliyev demişdir: “ İndi  Ermənistan adlan anərazi, Qərbi Azərbaycan-İrəvan mahalı, Göyçə mahalı, Zəngibasar mahalı,  Zəngəzur mahalı- bunlar hamısı müsəlmanlar,  azərbaycanlılar  yaşayan olubdur. Təəssüf ki, bu ərazilərdən , diyarlardan müsəlmanlar çıxarılıblar, indi bu ərazilərdə  bir nəfər də

olsun müsəlman yoxdur. Bu da Ermənistan millətçiliyi , erməni ekstremizmi, erməni şovinizmi siyasətinin nəticəsidir”.

Bu ilin dekabr ayının 24- də  Qərbi Azərbaycan  İcmasının bir qrup ziyalıları ilə görüşdə cənab  Prezident  İlham Əliyev də  Qərbi Azərbaycan torpaqları və soydaşlarımızın ata –baba yurdlarına qayıdışı barədə qətiyyətli və ədalətli mövqe nümayiş etdirdi. Prezident İlham Əliyev dedi: ” Qərbi Azərbaycan bizim tarixi torpağımızdır, bunu bir çox tarixi sənədlər təsdiqləyir, tarixi xəritələr təsdiqləyir, bizim tariximiz təsdiqləyir. Əfsuslar olsun ki,  Ermənilər Qarabağdakı kimi, Qərbi Azərbaycanda da bizim bütün tarixi , dini abidələrimizi yerlə-yeksan ediblər, dağıdıblar, azərbaycanlıların  tarixi irsini silmək istəyiblər, ancaq buna nail ola bilməyiblər. Çünki tarix var, sənədlər var, xəritələr var. Bu binada nümayiş etdirilən, XX əsrin əvvəllərinə  təsadüf edən xəritə bir daha  onu göstərir ki,  Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki,  indiki  Ermənistan ərazisində  tarix boyu Azərbaycan xalqı yaşayıb;

İcma bir neçə istiqamət üzrə işini davam etdirməlidir. Mövcud istiqamətdə görülən işlər  bundan sonra daha  məqsədyönlü  şəkildə  aparılmalıdır. Təşkilat qurulub , icra qurulub, dövlət orqanları  öz dəstəyini göstərir  və göstərəcək . Əlavə göstərişlər də  veriləcəkdir. Ölkə daxilində  icmanın fəaliyyəti  daha da gözəgörünən olmalıdır.  Qayıdış Konsepsiyası hazırlanmalıdır. Bu sülhsevər konsepsiya olmalıdır. Biz bütün beynəlxalq konvensiyalarda  bizə məqbul olan müddəaları götürüb  bunun əsasında  öz  hüququmuzu tələb etməliyik.  Bütün informasiya resursları  məqsədyönlü şəkildə  vahid konsepsiya  və siyasət çərçivəsində  iş aparılmalıdır  və bunun əsas hədəfi bizim qayıdışımızdır”.

30 ilə yaxın bir dövrdə erməni qəsbkarları tərəfindən işğal edilmiş  Qarabağ və ətraf yeddi rayon  qəhrəman oğullarımızın və Müzəffər Ali Baş Komandan İlham Əliyevin yorulmaz  fəaliyyəti nəticəsində  44 günlük Vətən müharibəsində  düşməndən geri alındı. Beynəlxalq  aləmin illərdir  “ ədalətli”  yanaşması heç bir nəticə  vermədi. Baxmayaraq ki, Qarabağ münaqişəsinin həllinə və Ermənistanın təcavüzkar ordusunun qeyd-şərtsiz Azərbaycan torpaqlarından çıxarılmasına dair BMT Təhlükəsizlik Şurasının məlum 4 Qətnaməsi qəbul edilmişdi. Amma  nə  fayda,   qətnamənin icrası belə üfüqdə görünmürdü.

İnanırıq ki, Müzəffər Ali Baş Komandan İlham Əliyev tezliklə  Qərbi azərbaycanlı soydaşlarımnızı öz dədə-baba  yurdlarına  qaytarılmasına nail olacaq və haqq-ədalət yerinini alacaqdır.

Mürvət  İbrahimov,
Tarixçi, Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyətinin məsul işçisi