• 17 Noyabr 2024

MÜSTƏQİL AZƏRBAYCANIN PAYTAXTI OLMAQ – TƏBRİZİN HAQQIDIR! – Güney Azərbaycanda istiqlaliyyətə gedən yol

 MÜSTƏQİL AZƏRBAYCANIN PAYTAXTI OLMAQ – TƏBRİZİN HAQQIDIR! – Güney Azərbaycanda istiqlaliyyətə gedən yol
Mürvət İbrahimov, tarixçi, Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyətinin məsul işçisi

Böyük mədəniyyətə, zəngin tarixə və qururverici keçmişə malik olan bir xalqın müstəqillik yollarındakı milli mücadiləsini qanla boğmaq irticaçı rejimlərə baha başa gəlmişdir. Üç min illik dövlətçilik tarixi olan, şərqlə-qərbin qovşağında yerləşən, neçə oğuz türk soyunun şanlı dövlətlərinin paytaxtı olan və zəngin mədəniyyəti ilə Türk dövlətlərinin və güney Azərbaycanın incisi olan Təbriz şəhəri müstəqil bir dövlətin paytaxtı olmağı çoxdan haqq etmişdir.

Təbriz şəhəri azərbaycanlıların mənəvi və mədəni paytaxtı sayılır. Tarix boyu Yaxın Şərqin ən önəmli elm və mədəniyyət mərkəzlərindən biri olmuşdur. Təbriz dünyanın ən uzunmüddətli paytaxtlarından biri kimi tarixə düşmüşdür. Bu şəhər Rəvvadilər Azərbaycan Atabəyləri (Eldənizlər), Xarəzmşahlar, Elxanilər, Çobanilər, Cəlairilər, Qaraqoyunlular, Ağqoyunlular, Səfəvilər, Azərbaycan xanlıqları, Qacarlar (İkinci paytaxt), Azadistan və Azərbaycan Milli Hökuməti dövrlərində paytaxt olmuşdur. 1500-cü ildə Səfəvilərin paytaxtı dövründə dünyanın ən çox əhalisi olan 5-ci şəhəri idi və əhalisinin sayı Osmanlı İmperiyasının paytaxtı İstanbulun əhalisinə bərabər idi.

Təbriz qədim dövrlərdən etibarən strateji mövqeyinə və əlverişli iqlim şəraitinə görə qədim Şərqdə şöhrət qazanmışdır. Ən qədim dövrlərdən mühüm ticarət yolları Cənubi Qafqaz, İberiya və Qafqaz Albaniyasından Cənuba doğru – Mesopotamiya və Hindistana gedən ticarət yolları bu şəhərdən keçib. Təbriz şəhərinin tarixinin öyrənilməsi üçün Assur hökmdarı II Sarqonun (e.ə. 722-701) kitabəsi ən qiymətli sənəddir.

Bəzi tarixçilər Təbriz sözünün etimoloji mənasınını əski Tarui sözünün qədim türk dilində ikiqat qala mənasını verdiyini deyirlər. Mənbələrdə Tarui, Tarmakis, Turi, Taris, Tavrez, Tavriz, Toris, Təvreş, Tarbiz, Tabriz, Terbiz və s. kimi qeyd olunan “Təbriz” sözünün etimologiyası və şəhərin salınma tarixi haqqında digər fikirlər də mövcuddur. “Təbriz” sözünü “günəş saçan” mənasında izah edənlər onun əsasının qoyulmasını daha qədimə apararaq, atəşpərəstliklə əlaqələndirirlər. J.Şarden Təbrizdə olarkən şəhərin maliyyə idarəsində xəzinədar işləmiş Mirzə Tahirə istinadən “Təbriz” sözünü atəşpərəstliklə əlaqələndirib, tab-işıq, riz-saçan mənasında (“işıq saçan”) kimi izah etmişdir. Səid Nəfisi də “Təbriz” sözünün ilk şəklinin “tab” olduğunu bildirərək qeyd edir ki, bu ad vaxtı ilə Səhənd dağlarında atəş püskürən vulkanlarla əlaqədar olmuşdur. “Təbriz” sözünü dağ adı ilə əlaqələndirən Kontarini yazır: “Bu şəhərin yaxınlığında bir neçə qırmızı rəngli dağ müşahidə olunur. Deyirlər ki, onlar Tori dağları adlanır”. Təbriz şəhəri üç tərəfdən – şərqdən Surxab, qərbdən – Yanıq, cənubdan – Səhənd dağlarının ətəkləri ilə əhatə olunmuşdur.

VII əsrin ortalarında ərəb qoşunlarının şərqə hücumu Təbrizdən də yan keçmədi və şəhər işğal edildi. O vaxt Təbriz mahal mərkəzi idi. Babək hərəkatı Təbrizə də yayılmışdı. 852-ci il zəlzələsi zamanı Təbriz dağılmış, bir müddət sonra bərpa edilmişdi.

1054-cü ildə Səlcuq sultanı I Toğrul Təbrizi tutdu. 1174-cü ildən Qızıl Arslanın iqamətgahı olan Təbriz sonralar Azərbaycan Eldənizlər dövlətinin paytaxtına çevrildi.

1220-ci ildə monqol qoşunu Təbrizi iki dəfə mühasirəyə aldı. Təbriz əhalisi bac verməklə qarət və dağıntılardan xilas oldu. 1224-cü ildə monqol qoşunları yenidən Təbrizə yaxınlaşdı. Şəhər rəisi Şəmsəddin Tuğrai Təbrizin müdafiəsini təşkil etdi. 1225-ci ildə isə Xarəzmşah Cəlaləddin Təbrizi tutdu. 1231-ci ildə monqol qoşunu Təbrizə hücum etdi.

1256-ci ildən Təbriz Elxanilər dövlətinin tərkibinə daxil oldu. Sonralar bu dövlətin paytaxtı Marağadan Təbrizə köçürüldü. Elxanilər dövründə Təbrizin ərazisi 5-6 dəfə genişləndi. XIII əsrin 60-cı illərində Təbrizdə monqol zülmünə qarşı baş vermiş çıxışlar amansızlıqla yatırıldı. Sultan Mahmud Qazan xanın hakimiyyəti dövründə (1295-1304) Təbriz Yaxın və Orta Şərqin ən böyük sənətkarlıq, ticarət və mədəniyyət mərkəzlərindən birinə çevrildi. İtalyan səyyahı Təbrizin xarici ticarət əlaqələrindən bəhs edərkən yazır ki, bura Şərq malları almaq üçün Avropa tacirləri, xüsusən, genuyalılar da gəlirlər. Venesiya və Genuya respublikalıları Təbrizdə möhkəmlənmək üstündə mübarizə aparırdı. Venesiya respublikası Xəzər dənizində gəmiçilik sahəsində xüsusi imtiyazlar ələ keçirmiş, Hülaki hökmdarı Əbu Səidlə müqavilə bağlayaraq Elxanilər imperiyası ərazisində imtiyazlı ticarət hüququ əldə etmişdi. 1321-ci ildə Təbrizdə olmuş italyan səyyahı Odorik de Pordenon yazır ki, Hülaku hökmdarının bu şəhərdən əldə etdiyi gəlir Fransa kralının bütün Fransadan əldə etdiyi gəlirdən çoxdur.

1357-cı ildə Qızıl Orda xanı Canı bəy Təbrizi ələ keçirərək Elxanilər dövlətinə son qoydu. 1359-cu ildə isə Cəlairi Şeyx Üveys Təbrizi ələ keçirərək Cəlairilər dövlətinin paytaxtına çevirdi. O, Təbrizdə geniş tikinti işləri apardı. 1386-cı ildə isə Qızıl Orda xanı Toxtamışın qoşunu Təbrizi mühasirəyə aldı. Toxtamış bac verilərsə, mühasirədən əl çəkəcəyini bildirdi. Lakin o, 250 tümən qızıl pul bac aldıqdan sonra şəhərə soxuldu. Təbriz on gün talan edildi. 1386-ci ildə Əmir Teymur Təbrizi ələ keçirdi. Təbriz sənətkarlarının bir hissəsi Səmərqəndə aparıldı. Teymurun oğlu Miranşah Azərbaycanın hakimi olarkən Təbrizdə xeyli tarixi və mədəniyyət abidəsini dağıtdırdı. Teymurun ölümündən sonra (1405) Miranşahın oğlu Ömər Mirzə Təbrizə hakim oldu. 1406-cı ilin iyul ayında Cəlairi Sultan Əhməd Təbrizdə möhkəmlənməyə çalışdı. 1410-cu ildə Qara Yusif Azərbaycan Qaraqoyunlu dövlətinin (1410-1468) əsasini qoydu. Təbriz yeni dövlətin paytaxtı oldu. 1468-ci ildən Təbriz Qaraqoyunlular dövlətinə son qoymuş Uzun Həsən tərəfindən yaradılan Azərbaycan Ağqoyunlular dövlətinin paytaxtına çevrildi.

1501-ci ildə qızılbaşlar I İsmayılın başçılığı ilə Təbrizə daxil oldular. Təbriz Azərbaycan Səfəvilər dövlətinin paytaxtı elan edildi və 1501-1548-ci illərdə bu dövlətin paytaxtı oldu. Səfəvi-Osmanlı müharibələri dövründə Təbriz dəfələrlə əldən-ələ keçirildi və qarət edildi. Mənbələrdə həmin dövrlərdə Təbrizdə 300 mindən artıq əhalinin yaşadığı haqqında məlumatlar vardır. Xandəmir və Oruc bəy Bayat Təbrizi “Şərqin paytaxtı”, “aləmin məskun olan dörddə bir hissəsinin ən abad şəhəri” kimi qiymətləndirmişlər.

1725-ci ildə Osmanlı qoşunu Təbrizi ələ keçirdi. 1730-cu ildə görkəmli Azərbaycan sərkərdəsi Nadir xan Əfşar Təbrizi osmanlılardan azad etdi. 1735`də Nadir xan Əfşar tərəfindən Azərbaycan torpaqları Rusiya və Osmanlı işğalından tamamilə azad edildi. Təbriz Nadir şah Əfşarın yaratmış olduğu imperiyanın əsas şəhərlərindən birinə çevrildi. 1747-ci ildə Nadir şah Əfşarın öldürülməsindən sonra Azərbaycanın digər bölgələrində olduğu kimi Təbrizdə də müstəqil dövlət – xanlıq yaradıldı. XVIII əsrin ortalarında Əmiraslan xan Əfşar mərkəzi Təbriz şəhəri olmaqla Azərbaycanda hakimiyyəti ələ aldı. 1791-ci ildə Təbriz xanlığını Ağa Məhəmməd xan Qacar ələ keçirdi. Qacarlar dövründə Təbriz vəliəhdin iqamətgahı idi. 1826-1828-ci illər Rusiya-İran müharibəsi zamanı Rusiya qoşunu Təbrizi tutdu (oktyabr, 1827). Türkmənçay müqaviləsinə (1828) əsasən Təbriz İranın hakimiyyətində qaldı.

Qacar sülaləsi dövründə Təbriz İran vəliəhdinin qərargahı və ya vəlihədneşinlik hesab olunurdu. Şəhər 1905-1911-ci illərdə isə İran inqilabının mərkəzi olmuşdur. İnqilaba Təbrizin qəhrəman oğulları – Səttar xan və Bağır xan rəhbərlik edirdi. 1911-ci ilin dekabrında rus kazak ordusunun rəhbəri erməni Efremyanın yardımından istifadə edən Məhəmmədəli şah Təbrizi ələ keçirdi, dinc əhaliyə divan tutuldu. 1917-1919-cu illərdə Cənubi Azərbaycanda İngiltərənin müstəmləkəçilik siyasətinə qarşı Şeyx Məhəmməd Xiyabaninin rəhbərliyi altında güclü xalq hərəkatı başladı. 1920-ci ilin aprelin 7-də onun rəhbərliyi ilə Təbrizdə silahlı üsyan nəticəsində hakimiyyət İctimai İdarə Heyətinin əlinə keçdi və1920-ci il iyunun 23-də Milli Hökumət təşkil olundu. Təbrizdə pulsuz qız məktəbinin açılması o dövr üçün fövqəladə hadisə idi. Yeni açılmış məktəblərə Bakıdan müəllimlər dəvət edildi. Bununla yanaşı, hökumət 12 min nəfərlik milli qvardiya yaratmağa başladı. 1920-ci il sentyabrın 12-də əksinqilabi qüvvələr Təbriz üzərinə hücuma keçdilər, Alaqapını ələ keçirdilər, sentyabrın 14-də “Təcəddüd” qəzeti binasını dağıtdılar. Həmin gün Ş.M.Xiyabani öldürüldü. İrticaçılar üsyançılara divan tutdular.

1945-ci ilin yayında Cənubi Azərbaycanda demokratik hərəkatın II mərhələsi başlandı. Dekabrın 12-də toplanmış Milli Məclis S.C.Pişəvərinin başçılığı ilə Milli hökumət yaratdı. Hökumət 10 nazirlik, ali məhkəmə və baş prokurorluqdan ibarət idi. Bu hadisə tarixə 21 Azər hərəkatı kimi daxil olmuşdur. Milli hökumət 1-ci dərəcəli vəzifə kimi yerlərdə yeni inzibati-ərazi orqanlarını yaratmağa başladı. 1946-cı ilin ilk aylarında seçkilər keçirildi və müvafiq strukturlar yaradıldı. 1946-cı ili fevralında Milli hökumət aqrar qanunu qəbul etdi. Azərbaycan dili rəsmi dövlət dili elan olundu. İyun ayında Təbriz Universiteti təsis olundu. Az bir vaxtda ana dilində məktəblər, kitabxanalar, qəzet və jurnallar fəaliyyətə başladı. Hökumətə başçılıq edən Əhməd Qəvam xalqı aldatmaq üçün Milli hökumətlə danışıqlara başladı. 1946-cı ilin iyununda Təbrizdə onlarla müqavilə bağladı. O, həmçinin ABŞ, İngiltərə və SSRİ arasındakı ziddiyyətlərdən də istifadə edərək “İran məsələsi”nin BMT-də baxılmasına nail oldu. Sovet ordusu Cənubi Azərbaycandan çıxarıldı. İran hökuməti parlamentə seçkilərə nəzarət bəhanəsi ilə Azərbaycana qoşun yeritdi. 1941-1946-cı illər milli-azadlıq hərəkatı məğlubiyyətə uğradı. İranda 1978-1979-cu illər inqilabında da Təbriz əhalisi ən fəal şəkildə iştirak etdi. Təbriz tarixi boyu dəfələrlə (858, 1041 və 1721-ci illərdə) zəlzələlərlə viran olub. Bu zəlzələlər tarixi abidələrin çoxunu məhv edib. Bu zəlzələlərdən salamat çıxan ən önəmli abidələr Ərk qalası və Göy məsciddir.

Baş vermiş bu təlatümlər-istət təbiət hadisələri, istərsədə min illiklər ərzində cərəyan edən ictimai-siyasi hadisələr Təbrizin, bütünlüklə güney Azərbaycanın digər şəhərlərinin Ərdəbilin, Marağanın, Xoyun, Urmiyanın, Zəncanın, Əhərin və onlarla qədim oğuz-türk yurdu olan bu məmləkətin qəhrəman insanlarının milli iradəsini qıra bilməmişdir. Bu milli mücadilə Vətən torpağının bir hissəsinin tezliklə müstəqilliyə qovuşması uğrunda mübarizənin başlanğıcıdır. Zaman dəyişir, tarix təkrarlanır, insanların milli kimliyi və bu prosesə təkan verən qüvvələrin köməkliyi ilə Təbrizin müstəqil bir dövlətin paytaxtı kimi parıldayan şöləsi görünməkdədir. Uca Tanrı bu prosesdə güneyli soydaşlarımıza kömək edən hər kəsə, yar və yardımçı olsun.

XX əsrə nəzər salsaq görərik ki, hələ yüz il bundan öncə də cənubda yaşayan soydaşlarımızın dərdi, onların əsarətdə olmaları haqqında Azərbaycan ziyalılarının sərgilədiyi mövqe təqdirəlayiqdir. Azərbaycanın elm, sənət, ədəbiyyat nümayəndələri sovet hökumətinin represiv hakimiyyətinin amansız zülmünə baxmayaraq, öz ölümlərini və başlarına gətriləcək məşəqqətləri göz önünə alaraq cənublu qardaşlarımıza köməkliklərini unutmamışlar.

Bu baxımdan Şimali Azərbaycanda yaranan ədəbiyyat o tay Azərbaycan həyatından bəhs edən əsərlərlə daha da zənginləşmişdir. M.F.Axundzadə, M.Ə.Sabir, C.Məmmədquluzadə, C.Cabbarlı, M.S.Ordubadi, M.İbrahimov, S.Rəhimov və başqalarının yaradıcılığında Cənubi Azərbaycanda yaşayan soydaşlarımızın həyatı, mübarizəsi, həyat tərzi və s. məsələləri əks etdirən müxtəlif janrlı əsərlər böyük tarixi-ictimai, ədəbi-mədəni və bəşəri əhəmiyyət kəsb edir. Bu baxımdan xalq şairi Süleyman Rüstəmin Cənub mövzulu şeirləri diqqəti cəlb edir. Bu əsərlər sırasında “Təbrizim” şeiri vətənpərvərlik duyğusunun vüsəti, vətəndaşlıq motivlərinin poetik-fəlsəfi ifadə zənginliyi ilə daha kütləviləşmişdir. Mirzə İbrahimovun 1946-1947-ci illər arasında yazdığı “Cənub hekayələri” silsiləsinə daxil olan “Azad”, “12 dekabr”, “Tonqal başında”, “İztirabın sonu” əsərlərində 1942-1946-cı illərdə gedən ümumxalq hərəkatının geniş miqyas alması, irticaçı qüvvələrə qarşı mübarizə və azadlıq ideyaları mühüm yer tutur. Ənvər Məmmədxanlının “Karvan dayandı”, “Baş xiyabanda”, “Qızıl qönçələr” və başqa əsərlərində də Cənub mövzusuna müraciət olunub. Yaradıcılığında Cənub mövzusuna geniş yer verən sənətkarlarımızdan biri də Xalq yazıçısı İlyas Əfəndiyevdir. Yazıçı “Unuda bilmirəm”, “Hökmdar və qızı” pyeslərində Cənub mövzusuna toxunmuşdur. Sonralar bu mövzunu dərinləşdirərək Cənubi Azərbaycanda milli azadlıq hərəkatının təməldaşlarından olan Şeyx Məhəmməd Xiyabaniyə həsr olunmuş eyniadl ı pyesi yazıçının o tayda gedən ictimai-siyasi hadisələrə fəal münasibətindən xəbər verir.

İ.Əfəndiyevin “Xəncər” hekayəsi də Cənubi Azərbaycanda azadlıq hərəkatına, milli hökumət quruculuğuna həsr edilmiş ən maraqlı əsərlərdən biridir. Hekayənin əsas mövzusunu vətənin azadlığı və müstəqilliyi uğrunda mübarizədə hər cür mərhumiyyətlərlə üzləşən, hətta öz həyatlarını belə qurban verməkdən çəkinməyən yenilməz insanların misilsiz fədakarlıqları təşkil edir. “Xəncər” hekayəsində hadisələr İranın kiçik bir əyalətində baş versə də, yazıçı geniş mənada Cənubi Azərbaycanda yaşayan həmvətənlərimizin azadlıq uğrunda apardıqları ardı-arası kəsilməyən mübarizələrini ümumiləşdirərək qələmə almışdır. Yazıçının təsvirindən məlum olur ki, artıq bir ildir ki, xalq fars rejimindən qurtulmış, milli hökumət qurulmuş və doğma ana dilində yazıb oxumaq imkanı əldə etmişdir.

Azərbaycan ədəbiyyatında Cənub mövzusuna həsr olunmuş saysız-hesabsız əsərlər yazılıb. Bir çox şair və yazıçılarımız taleyinə ayrılıq düşmüş bir xalqın tarixi faciəsini, unudulmaz yaralarını bir vətəndaş yanğısı ilə öz əsərlərində əks etdiriblər.

Faciələrlə dolu keşməkeşli həyat yaşayan Azərbaycan xalqına qarşı edilmiş amansız ayrılıq aksiyasının vurduğu yaraları zaman da sağalda bilmədi. Bu gün də o taylı-bu taylı Azərbaycan həsrətlə, nisgillə qovuşacağı, birləşəcəyi, vahid bir dövlətə çevriləcəyi günü səbirsizliklə gözləyir. Nəinki gözləyir, həm də bu yolda qeyrətli oğul və qızlarımız zaman-zaman mübarizəyə qalxmış və tarixi ədalətsizliyi aradan qaldırmağa çalışmışlar. Bu gün də, sabah da mübarizə davam edir və edəcək. O vaxta qədər ki, öz ali istəklərinə nail olacaqlar.

2022- ci ilin sentyabrından İranda başlanmış daxili etirazlar, prosesin coğrafiyasını dəyişməyə başladı. İranın müxtəlif yerlərində məskunlaşmış, müxtəlif millətlərin nümayəndələri İran hökümətinin yarıtmaz siyasətinə qarşı mübarizəyə başladı. Əsasən azərbaycanlılardan olan soydaşlarımız öz haqq və hüquqlarının kobud şəkildə pozulmasına , mürtəce hakimiyyətin yürütdüyü nasist siyasətə qarşı kütləvi etirazlara başlamışdır. 40 milyonluq bir xalqın, mədəniyyət və mənəviyyat körpüsü olan bir məmləkətin 200 ilə yaxın bir müddətdə əsarətdə qalmasının sonudu r artıq. İranda molla rejiminin sərgilədiyi bu desturuktiv mövqe istər Azərbaycan türklərinin, istərsədə orada yaşayan digər xalqların-bəlucların, türkmənlərin, əfqanların, kürdlərin, ərəblərin və onlarla digər xalqların nümayəndələrinin hüquqlarının kobud şəkildə pozulmasının əyani sübutudur. Başlanmış bu milli mücadilə beynəlxalq aləmin də diqqətini cəlb etmişdir. Molla rejiminə qarşı başlanmış bu kampaniya imitasiya xarakteri daşımamalı, bütünlüklə prosesein müsbət məcraya yönəldilməsi istiqamətində səylər birləşdirilməli, dünyaya səpələnmiş azərbaycanlı soydaşlarımız bu istiqamətdə mütəşəkkil işlər görməli, beynəlxalq təşkilatlara müraciətlər ünvanlamalı, onların mənzil-qərərgahları qarşısında etirza aksiyaları təşkil edərək məsələyə müsbət rəng qatmaqla rasional hədəflərə nail olmalıyıq.

Çox şükürlər olsun ki, bu gün ürəyi bütöv Azərbaycanla döyünən, xalqımızın Müzəffər Ali Baş Komandanı, cənab Prezident İlham Əliyevin hədəfləri və yürütdüyü siyasət 50 milyonluq azərbaycanlının maraq dairəsindən çıxış edir. Ulu öndər Heydər Əliyev siyasətinə sadiq qalan cənab Prezident, özünün dediyi kimi 50 milyonluq azərbaycanlının prezidenti olmağı bacardı. Bütün ali kürsülərdə xalqının və soydaşlarının marağını qoruyan Prezident İlham Əliyev cənub mövzusunda da çox tutarlı mövqe sərgilədi.

Cari ilin noyabr ayının 25-də ADA Universitetində keçirilən “Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda beynəlxalq konfransdakı çıxışında Prezident İlham Əliyev demişdir:

“Biz öz həyat tərzimizi, Azərbaycanın və azərbaycanlıların, o cümlədən İrandakı azərbaycanlıların dünyəvi inkişafını təmin etmək üçün hər şeyi edəcəyik. Onlar bizim millətin bir parçasıdır.

Mən başqa bir misal da gətirə bilərəm. Azərbaycanda 340 məktəbdə tədris rus dilində aparılır. Azərbaycanda 10 gürcü məktəbi var. Gürcüstanda 200-300 minə yaxın azərbaycanlı yaşasa da, burada 116 Azərbaycan məktəbi vardır. İranda erməni məktəbləri var, ancaq Azərbaycan məktəbləri yoxdur. Bu necə ola bilər? Kimsə desə ki, bu, başqasının işlərinə qarışmaqdır, biz bunu qəti şəkildə rədd edirik. Bu, başqasının işlərinə qarışmaq demək deyil. Azərbaycanın xarici siyasəti çox aydındır. Biz heç vaxt heç bir ölkənin daxili işlərinə qarışmırıq. Amma bu, bizimlə eyni etnik mənşəyə, eyni dilə və eyni dəyərlərə sahib olan cəmiyyətin bir hissəsidir. Biz buna axı necə biganə qala bilərik? Niyə məktəblərdə öz dillərini öyrənə bilmirlər? Bilirsiniz, onlar dili itirirlər. Problem ondadır, biz bu məsələni ona görə qaldırırıq ki, İranda azərbaycanlıların danışdığı Azərbaycan dili ədəbi komponentini itirir, məişət dilinə çevrilir. Bu məsələlərə baxılmalı və bu məsələ qaldırılmalıdır, həm də ona görə ki, bu, bizi narahat edir”.

Budur, cənab İlham Əliyevin sərgilədiyi münasibət. Diplomatik manevr tərzi cənab Prezidentin nə qədər təcrübəli və məsələyə nə dərəcədə həssas yanaşmasınının bir daha şahidi olduq.

Biz azərbaycanlılar bir yumruq kimi birləşərək güneyli soydaşlarımızın bu haqq və hüquq işində yanlarında olmağı onlara öz mənəvi və siyasi dəstəyimizi ifadə etməliyik.

Bütöv və qüdrətli Azərbaycanı görmək ümidilə…. Tanrı xalqımızı və dövlətimizi qorusun!