Qarabağda beynəlxalq missiya yalnız Bakının razılığı ilə mümkündür – Kreml
Kreml ABŞ-ın Qarabağla bağlı müşahidə missiyası yaratmaq fikrində hələlik heç bir konkretlik görmür.
Bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.
“Qarabağda beynəlxalq missiya yalnız Bakının razılığı ilə mümkündür. Biz burada konkretlik görmürük, istənilən missiya yalnız Azərbaycan tərəfinin razılığı ilə mövcud ola bilər. Biz İrəvan və Bakı, eləcə də Qarabağın etnik erməniləri ilə əlaqələrimizi davam etdirəcəyik”, – Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
Onun sözlərinə görə, ABŞ-ın “şifahi müdaxilələri” ilə müqayisədə Rusiya Federasiyası faktiki olaraq Qarabağ nizamlanması prosesində iştirak edir.
Peskov ABŞ-ın Ermənistana energetika sahəsində əməkdaşlıq təklifini şərh edərək, Rusiya Federasiyasının enerji sektorunda bu ölkəyə yardımını və resursların güzəştli tədarükünü xatırladıb.
Kremlin sözçüsü Rusiya Daxili işlər naziri Vladimir Kolokoltsevin İrəvana səfərinin əvvəlcədən planlaşdırıldığını da söyləyib. Bildirib ki, Kolokoltsev və Ermənistan Baş naziri Nikol Paşinyanın cari məsələlərin müzakirəsi tamamilə normaldır.