“Ermənistanın Azərbaycan ərazilərində qurduğu separatçı rejim Paşinyanın gözləri qarşısında dağıldı” – XİN
“Ermənistanın Azərbaycan ərazilərində qurduğu separatçı rejim Paşinyanın gözləri qarşısında dağıldı”.
Zengezur.tv xəbər verir ki, bu fikir Azərbaycan Xarici İşlər Nazirliyinin Ermənistan XİN-in bəyanatına dair şərhində əksini tapıb.
Qeyd olunub ki, sentyabrın 21-də Ermənistanın baş naziri Nikol Paşinyanın mülki əhaliyə birbaşa təhlükə olmadığını bildirməsi fonunda Ermənistan XİN-in hər vəchlə yerli erməni əhalinin “etnik təmizləmə”yə məruz qalmasına dair məlumatlar yayması Ermənistanın siyasətinin və rəvayətlərinin nə qədər uyğunsuz və yalan olduğunu açıq şəkildə nümayiş etdirir.
“Bir daha bildiririk ki, Qarabağ bölgəsində yaşayan yerli erməni sakinlərin Ermənistana və ya başqa ölkəyə köçmək qərarı ilə Azərbaycanın heç bir əlaqəsi yoxdur. Biz onlara Ermənistanın yaratdığı hərbi xuntanın girovları olduqları dövrdən daha yaxşı yaşamaq üçün şərait yaratmağa hazırıq. Azərbaycan erməni sakinlərini bərabərhüquqlu vətəndaş kimi reinteqrasiya etmək əzmindədir və Azərbaycanın Konstitusiyası, milli qanunvericiliyi və qəbul etdiyimiz beynəlxalq öhdəliklər bu məqsədə çatmaq üçün möhkəm zəmin yaradır. Ermənistanın Azərbaycan ərazilərində qurduğu separatçı rejimin onun gözləri qarşısında necə dağıldığını və yox olduğunu görməsinin nə qədər ağrılı olduğunu anlayırıq, lakin indi onlar üçün Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə həm sözdə, həm də əməldə hörmətə əsaslanan sülh və etimad qurmağa diqqət yetirmək daha yaxşı olardı”, – məlumatda vurğulanıb.