• 15 Noyabr 2024

Ulu öndər Heydər Əliyevin xilaskarlıq missiyası

 Ulu öndər Heydər Əliyevin xilaskarlıq  missiyası

Ulu öndər Heydər Əliyevin xilaskarlıq  missiyası

Müstəqilliyin ilk illərində  xalqımız qarşıya çıxan çətin problemlərin həllini, xilaskarlıq missiyasını Heydər Əliyevdə görürdü.  90-cı  illərin əvvəlləri   ölkəmizin müasir tarixində  hərc-mərclik,  özbaşınalıq və qeyri-peşəkar idarəetmə dövrü kimi xatırlanır. Dövlətin suveren  mövcudluğuna  təhdid yaradan bütün amillər  həmin dövrdə  dövlətə səriştəsiz  və qeyri-peşəkar şəxslərin  rəhbərlik etməsinə görə baş verirdi.

1993- cü ilin oktyabrın 3-də təyin edilmiş  prezident seçkilərində  xalqın mütləq əksəriyyətinin səsini qazanan  Heydər  Əliyev  ölkə  prezideni  seçildi. Prezident  seçilən Ulu öndər  1993- cü ilin oktyabrın 10-da  dövlətə və  xalqa sədaqət andı  içərək  Azərbaycanı böyük bəlalardan, faciələrdən  hifz edəcəyini,  ölkəni  inkişaf,  sabitlik,  tərəqqi  yoluna çıxaracağını bir daha bəyan etmiş oldu.

Ulu öndərin  1993-cü ilin oktyabrında  dövlət başçısı seçilməsindən sonra  müstəqil Azərbaycanın  hüquqi  və siyasi-iqtisadi suverenliyinin  təmin olunması prosesi əsaslı şəkildə sürətlənmişdir. Ümummilli  lider  ilk  növbədə, ölkədə ictimai-siyasi sabitliyin  bərpası istiqamətində  gərgin iş aparmış, qeyri-qanuni silahlı dəstələr  zərərsizləşdirilmiş,  respublikamızın sosial-iqtisadi yüksəlişinə  yol açan ən mühüm amil kimi  cəmiyyətdə ictimai-siyasi sabitlik bərqarar edilmişdir. Dövlət çevrilişinin qarşısı alınmış, Azərbaycan  vətəndaş müharibəsi təhlükəsindən xilas edilmişdir. Müstəqil dövlətimizin ərazi bütövlüyünün bərpası  və Ermənistan silahlı qüvvələrinin  hücumlarının qarşısının alınması, ölkənin müstəqilliyinin qorunub saxlanılması  üçün ordu quruculuğu istiqamətində  kompleks tədbirlər həyata keçirilmişdir.

Xilaskarlıq  missiyasını  öz üzərinə  götürən Heydər Əliyev  Bakıda  hakimiyyət davasının getdiyi bir dövrdə  həyatını  təhlükə  altına ataraq  dərhal  Gəncəyə  yollandı  və bölgədə davam edən qiyamın qarşısını  aldı. Vətəndaş müharibəsi və qardaş qırğınından Azərbaycanı xilas etdi. Taleyüklü məsələlərin həllində Ulu öndərin çevik  və operativ qərar qəbul etməsi onun nə qədər böyük və təcrübəli şəxsiyyət olmasından xəbər verirdi.

Heydər Əliyev  qlobal düşüncəli,  geniş dünyagörüşlü  fenomen bir siyasətçi idi. O, realist bir insan olaraq hadisələrə  praqmatik yanaşırdı, tarixi şəraitdən düzgün istifadə edirdi, ölkənin taleyi üçün  rasional qərarlar qəbul edirdi. O, beynəlxalq  aləmdə balanslaşdırılmış  siyasətin,  xarizmatik  liderliyin ustadı idi.  Bu dahi siyasətçi  bütün fəaliyyəti boyu  müdrik insan, peşəkar  rəhbər,  ağıllı dövlət  xadimi olduğunu təsdiq etmişdir. Ulu öndər Heydər Əliyev  müzakirə olunan məsələnin mahiyyətini açmağa,  mövzunu  milli mənafe, dövlətçilik  mövqeyindən  təhlil etməyi ustalıqla  bacarırdı. Ulu öndərin  siyasi kursu  dövlət müstəqilliyimizin  qorunub saxlanılması  və möhkəmləndirilməsi,  Azərbaycanın  beynəlxalq  imicinin  yüksəldilməsi, habelə sosial-iqtisadi  tərəqqiyə  nail olması  kimi taleyüklü məsələlərdə  uğurla  sınaqdan çıxmışdır. Heydər Əliyev  idarəetmənin ustadı,  siyasətin kamil bilicisi  kimi bütün dünyada məhşur idi. Ümummilli  lider  deyirdi ki,  “Reallığı düzgün qiymətləndirən, zəngin təcrübədən  yaradıcılıqla istifadə edən, sosial-siyasi  və iqtisadi problemlərin  bütün spektrini , mürəkkəbliyini  nəzərə alan,  qəbul olunan qərarların  mümkün nəticəsini  irəlicədən görməyə imkan verən  siyasi xətt hökmən uğur qazanmalıdır. Belə siyasət  cəmiyyətin sabitliyinə,  irəliyə doğru hərəkətinə  və tərəqqisinə  xidmət edir”.

Ulu öndər  bir ictimai-iqtisadi formasiyadan digərinə keçid dövründə  respublikanın qarşısında duran strateji vəzifə  və hədəfləri düzgün müəyyənləşdirmişdir. Dünyanın qabaqcıl dövlətlərinin təcrübəsində  uğurla sınaqdan çıxmış  müsbət inkişaf modellərinin  potensialına müraciət edərək,  ulu öndər  onları  Azərbaycan reallıqlarına  adaptasiyasına  müvəffəq olmuşdur.  Heydər Əliyev  qısa müddətdə  ölkəyə investisiya  axınını  stimullaşdıran  müasir innovativ inkişaf  modelinin  gerçəkləşdirilməsinə nail olmuşdur. Bu model özəl mülkiyyətçiliyə,  sahibkarlığa, sərbəst rəqabətə yol açan, liberallığı özündə ehtiva edən  və sosialyönümlü mahiyyət daşıyan  iqtisadiyyat modeli idi.

Məhz  Ulu öndərin dərin zəkası  və  uzaqgörənliyi  nəticəsində,    siyasi  kursun düzgün istiqamətləndirilməsi sayəsində  bugün Azərbaycan inkişaf yolu ilə  irəliləyir. O siyasətin  nəticəsidir ki,  ölkəmiz suverenliyini  tam bərpa etmişdir,  o müdrikliyin nəticəsidir ki,  Vətən torpaqları  tam  azaddır,  o qətiyyətin nəticəsidir ki, bu gün Azərbaycan qalibdir və  müzəffərdir!

Ulu öndər  Heydər Əliyevin misilsiz  xidmətləri daim  qədirbilən  xalqımızın  qəlbində yaşayacaq,  onun əziz xatirəsi  həmişə  ehtiramla  anılacaqdır.

Mürvət İbrahimov,

                 Bakı şəhəri  Nizami Rayon İcra Hakimiyyətinin məsul işçisi, tarixçi