Azad olunmuş ərazilərə gedənlərə ÇAĞIRIŞ – Təlimatlara əməl edin!
Bu gün Füzuli rayonunun Aşağı Veysəlli kəndi ərazisində minalardan təmizlənməyən ərazidə partlayış baş verib. İlkin məlumata əsasən, tank əleyhinə mina partlayışı nəticəsində bir nəfər həlak olub, biri isə yaralanıb.
Mina problemi ölkəmiz üçün ən aktual problemlərdən biri olaraq qalmaqdadır.
Bu barədə açıqlamasında Minalar Əleyhinə Azərbaycan Kampaniyası İctimai Birliyinin sədri Hafiz Səfixanov bildirib ki, azad edilmiş torpaqlarımızın böyük hissəsi mina və partlamamış hərbi sursatların təsirinə məruz qalıb.
“Tez-tez Azərbaycanın azad edilmiş torpaqlarında mina partlayışları baş verir. Bu isə təəssüf doğuran haldır. Basdırılan minalar və partlamamış hərbi sursatlar münaqişə bitdikdən sonra uzun müddət aktiv qala və mülki şəxslər üçün təhlükə yarada bilər.
Azərbaycan müharibə bitəndən dərhal sonra həmin əraziləri mina və partlamamış sursatlardan təmizləməyə başlayıb və bunun üçün bütün resurslarını səfərbər edib. Ermənistanın verdiyi mina xəritələri düzgün deyil. Buna baxmayaraq, azad edilmiş torpaqlarda böyük həcmdə iş görülür.
H.Səfixanov bildirib ki, ermənilərdən “miras” qalan mina bəlasından maariflənmə ilə xilas ola bilərik.
“İnsanlar təhlükəli və bələd olmadığı ərazilərə daxil olmamalı, naməlum əşyalara toxunmamalıdır. Vətəndaşlar mina təhlükəsi ilə bağlı təlimatlara ciddi əməl etməlidir. İnsanlar başa düşməlidir ki, bir nəfərin minaya düşməsi yalnız onun ölümü və ya şikəst qalması demək deyil. Ümumilikdə, cəmiyyətin və dövlətin problemidir”, – deyə o qeyd edib.
Qeyd edək ki, 2020-ci il noyabrın 10-dan 2023-cü il oktyabrın 13-dək Ermənistanın Azərbaycan xalqına qarşı mina terroru nəticəsində Qarabağ və Şərqi Zəngəzur ərazilərində 192 mina hadisəsi baş verib, 333 azərbaycanlı mina partlayışının qurbanı olub.