• 19 May 2024

Azərbaycanda seçkilər tam demokratik şəraitdə keçirildi – Beynəlxalq Parlamentarilər Konqresinin üzvü

 Azərbaycanda seçkilər tam demokratik şəraitdə keçirildi – Beynəlxalq Parlamentarilər Konqresinin üzvü

Azərbaycanda Prezident seçkiləri ilə bağlı seçki məntəqələrində əlilliyi olan vətəndaşlar üçün hər cür şərait yaradılıb.

Zengezur.tv xəbər verir ki, bunu Bakıda keçirilən mətbuat konfransında Beynəlxalq Parlamentarilər Konqresinin (BPK) üzvü, Azərbaycanda seçkilərin beynəlxalq müşahidəçisi Soro Fobeh deyib.

Onun sözlərinə görə, bu, seçkilərin tam demokratik olmasının əyani sübutudur. O, həmçinin, seçkilərdə iştirak prosesində bütün vətəndaşlar üçün bərabər imkanların təmin edilməsinin vacibliyini qeyd edib.

“Biz Bakı şəhərində beş, Sumqayıtda da beş seçki məntəqəsində olduq. Biz hesabatda əlilliyi olan vətəndaşlar üçün hər cür şəraitin yaradılması faktını xüsusi qeyd etmək istəyirik. Seçki prosesi əhalinin bütün təbəqələri üçün əlçatanlığın təmin edilməsi baxımından müsbət məqam kimi yadda qaldı”, – o vurğulayıb.

Qeyd edək ki, ABŞ-nin “Oracle Advisory Group” təşkilatı dünən Azərbaycanda keçirilən növbədənkənar Prezident seçkilərinin “exit-poll” nəticələrini elan edib. Təşkilatın əsas tərəfdaşı George Birnbaum bildirib ki, seçicilərin 93,9 faizi İlham Əliyevə səs verib.

Sosioloji Tədqiqatlar Mərkəzi də Azərbaycanda növbədənkənar Prezident seçkilərinin “exit-poll” nəticələrini elan edib. Mərkəzin məlumatında bildirib ki, seçicilərin 92,4 faizi İlham Əliyevə səs verib.

“Rəy” Monitorinq Mərkəzi Azərbaycanda növbədənkənar Prezident seçkilərinin “exit-poll” nəticələrinə əsasən isə seçicilərin 92.6 faizi İlham Əliyevə səs verib.

Xatırladaq ki, Mərkəzi Seçki Komissiyası Azərbaycanda növbədənkənar Prezident seçkilərinin ilkin nəticələrini də elan edib. İlkin olaraq 54,47% bülleten hesablanıb və nəticələrə görə İlham Əliyev 92,1% səs toplayıb.

Seçki məntəqələrinin 93,35 faizindən daxil olan məlumatlar əsasında prezident seçkilərinin növbəti nəticələri də Mərkəzi Seçki Komissiyası tərəfindən elan olunub.

MSK sədri Məzahir Pənahov 7 fevral növbədənkənar prezident seçkilərinin yekunlarına həsr olunan tədbirdə məlumat verib ki, Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi İlham Əliyev 92,05 faiz səslə liderdir.

Əlavə edək ki, ötən gün – 7 fevral Azərbaycanda Prezident seçkiləri keçirilib. Prezident seçkilərində 7 nəfərin namizədliyi qeydə alınıb. Onlardan 5 nəfərin namizədliyi siyasi partiyalar tərəfindən, 2 nəfərin namizədliyi öz təşəbbüsü ilə irəli sürülüb.