• 20 May 2024

Ukrayna müharibəsinin verdiyi dərs – Kiyevi satmağa hazır olan Qərbə güvənmək olarmı?

 Ukrayna müharibəsinin verdiyi dərs – Kiyevi satmağa hazır olan Qərbə güvənmək olarmı?

Qərbin Ukrayna müharibəsinə münasibətindən həm digər ölkələr, o cümlədən ölkəmizdəki bəzi müxalif qüvvələr dərs çıxarmalıdır. Hələlik Qərbin “reveransları”nın nəticəsi budur: işğalçı qarşısında yalnız özünə güvənməlisən, siyasi və iqtisadi cəhətdən heç bir dövlətdən asılı olmamalısan. 

Bunu, təbii ki, illərin siyasi qazanında bişmiş, amma hakimiyyəti ədalətsizcəsinə “ölkəni təcridə aparmaqda” suçlayan müxalifətimiz də bilir. Amma onlar sanki Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpa olunmasını həzm edə bilməyən, qəsbkar Ermənistanın tərəfində dayanan beynəlxalq təşkilatların ölkəmizə qarşı fəaliyyətinə haqq qazandırırlar.

Şair demişkən, bir dön, bizim Ukraynaya bax! Ukraynanın dövlət başçısı azad seçkilər sayəsində hakimiyyətə gəlib. Demokratik dəyərlərə malik ölkədə siyasi, iqtisadi azadlıqlar, fikir plüralizmi hökm sürür.

Amma və lakin… Bütün dünyanın gözü qarşısında müstəqil Ukrayna dövləti Rusiyanın amansız təcavüzünə məruz qalıb. 2014-cü ildən bəri Ukraynanın Donbas regionu və Krım yarımadası qəsb edilib. 2022-ci ilin fevralından isə Ukraynaya qarşı misli-görünməmiş müharibə başlanıb. XXI əsrdə dünyanın gözü qarşısında prezidentindən tutmuş sıravi vətəndaşına qədər bütün ukraynalıların həyatı tarmar olunub. Ölkənin ərazi bütövlüyü, vətəndaşların yaşamaq haqqı rus əsgərlərinin bulaşıq çəkmələri altında tapdalanır. Ukraynanın əhalisinə, torpağına, daşına, sözün əsl mənasında divan tutulmaqdadır.

Bəs demokratik dəyərlərin keşiyində dayandıqlarını güman edən Qərb siyasətçiləri nə edirlər?

Ukraynanın tanınmış jurnalisti Dmitri Qordon isə hazırkı durumu belə dəyərləndirir:

“Dünya birliyinin bəzi siyasətçiləri deyir ki, bu müharibədə Ukraynanın qələbə qazanması qeyri-mümkündür. Rusiya nəhəng resurslara malikdir. Ona görə də razılığa gəlməlisiniz. Rusiya harada dayanıbsa, ora Rusiyadır. Ukrayna harada dayanıbsa, ora Ukraynadır. Biz hələ 74 faiz ərasizi qalmış Ukraynann NATO və Aİ-yə qəbul etməyi düşünərik. Lakin biz ikitərəfli təminat verə bilərik”.

D.Qordon bildirib ki, Qərbin ikili standartı Ukrayna müharibəsinə şamil edilə bilməz. Çünki bir tərəfdən ukraynalılar Budapeşt memorandumunun təminatını görüblər, digər tərəfdən Ukrayna prezidenti bu mövqe ilə razılaşa bilməz. “Hansı Ukrayna Prezidenti ölkəsinin ərazisindən imtinanı imzalayar?!”.

Onun sözlərinə görə, Rusiyanın başının əzilməsi üçün Qərb həlledici qərar qəbul etməlidir. “Amma Qərbin bu qərarı qəbul etməyə siyasi iradəsi çatmır. Burada rus agenturası və korrupsiya da rol oynayır: “Ruslar dünyanın aparıcı siyasətçilərini korrupsiyaya bulaşdırmağı çox sevirlər”.

Sonra da müxalifətimiz deyir ki, hakimiyyət Azərbaycanı Aİ-dən uzaqda tutur. Sizə demokratik Ukraynanın torpaqlarının itirilməsini vecinə almayan iradəsiz Avropa siyasətçiləri çox lazımdırmı?!

Xatirə SADİQ