• 20 May 2024

MİLLİ MƏCLİSDƏ İLK – FOTO

 MİLLİ MƏCLİSDƏ İLK – FOTO

“Qanun dili qanunvericinin iradəsinin, fikirlərinin, qərarlarının tam və dəqiq çatdırılmasına xidmət etməlidir.” 

Qanunvericilik lüğəti

Azərbaycan Respublikası Milli Məclisinin sədri, professor Sahibə Qafarovanın ideya müəllifliyi ilə ölkəmizdə ilk dəfə nəşr edilən “Qanunvericilik lüğəti”nə Azərbaycan Respublikasının qanunlarında istifadə olunan 3700-dən çox hüquq termini və anlayışı daxil edilmişdir. Layihənin rəhbəri Milli Məclis Aparatının rəhbəri Fərid Hacıyevdir.

Soraq-məlumat xarakteri daşıyan toplunun tərtibində məqsəd qüvvədə olan qanunvericilik bazasının terminoloji mahiyyəti haqqında təsəvvür yaratmaq, qanun layihələrinin hazırlanması zamanı lazımi terminlərin və onların təriflərinin tapılmasına və istifadə edilməsinə kömək göstərməkdir.

 

 

Kitabın “Ön söz”ündə yazılır: “Dövlət müstəqilliyinin bərpasından keçən 32 ilə yaxın dövrdə Azərbaycan Respublikasının zəngin hüquqi bazası yaradılmışdır. Xüsusən, Azərbaycanın demokratik yolla davamlı inkişafı, hüquqi dövlət quruculuğu məqsədilə Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə qəbul olunmuş qanunvericilik aktları ölkəmizdə yeni hüquq susteminin formalaşmasını təmin etmişdir. Azərbaycan Respublikasının müstəqilliyini əbədi, dönməz və sarsılmaz etmiş Heydər Əliyev siyasəti onun layiqli siyasi varisi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə hər bir sahədə olduğu kimi, qanunyaratma fəaliyyəti sahəsində də uğurla davam etdirilir.”

Bu baxımdan sanballı və müasir hüquq lüğətləri, ensiklopediyaların tərtib olunması və yeni nəsil dərsliklərin yazılmasına böyük ehtiyac vardır. Təqdim olunan bu lüğət hüquq sahəsində yazılmış vəsaitlər sırasında özünəməxsus yer tutacaq.

Məntiq də var… 

Lüğətin əsas üstünlüyü Azərbaycan Respublikasının qanunlarında təsbit olunan hüquq terminləri və onların qanunda nəzərdə tutulan izahlarını verməkdən ibarətdir. Lüğət həm də qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində aparılan işlərin keyfiyyətinin yüksəldilməsi baxımından faydalıdır.

Lüğətdə hüquq terminləri əlifba sırası ilə yığcam, əhatəli və anlaşıqlı formada verilmişdir.

Nəfis tərtib olunmuş bu lüğət mütəxəssislər, deputatlar, dövlət qulluqçuları, iş adamları, tələbələr, müəllimlər və elmi işçilər, habelə müasir qanunvericiliklə maraqlanan digər şəxslər üçün faydalı olacaqdır.

Etibar Əliyev, 

Milli Məclisin deputatı, fəlsəfə üzrə fəlsəfə doktoru