• 20 May 2024

1918-1920-ci illərdə Azərbaycanda ən ağır faciələrlə üzləşən, ən dəhşətli qətliamlara məruz qalan məhz Zəngəzur mahalı və əhalisi olmuşdu

 1918-1920-ci illərdə Azərbaycanda ən ağır faciələrlə üzləşən, ən dəhşətli qətliamlara məruz qalan məhz Zəngəzur mahalı və əhalisi olmuşdu

Zengezur.tv xəbər verir ki,Azərbaycan Respublikası Dövlət Arxivinin məlumatlarında, rəsmi sənədlərdə, şahidlərin ifadələrində deyilir ki, erməni terror birləşmələri Zəngəzur qəzasında 115 Azərbaycan kəndini başdan-başa yandırıb külə döndərmişlər. 3257-si kişi, 2276-sı qadın, 2196-sı uşaq olan 7729 nəfər azərbaycanlını vəhşicəsinə qətlə yetirmişlər. 1060 kişi, 794 qadın və 485 uşağı ağır şikəstlik əzabına düçar etmişlər. Nəticədə təkcə Zəngəzur qəzasında 10068 nəfər günahsız soydaşımız öldürülmüş, yüzlərlə insanın taleyinə əbədi şikəstlik möhürü vurulmuş, əyalətdəki bütün milli mədəniyyət abidələri dağıdılıb yerlə-yeksan edilmişdi. Ermənilərin törətdiyi bütün bu cinayətkar aksiyalar Fövqəladə İstintaq Komissiyasının üzvü N.Mixaylovun məruzəsində, deputat Mirzəsadiq Axundzadənin parlamentə göndərdiyi teleqramlarda da təsdiqlənir.

Buradakı müsəlman əhalini çıxılmaz vəziyyətdə qoyan əsas məsələ ondan ibarət idi ki, bir tərəfdən erməni təcavüzü nəticəsində Zəngəzurun Şuşa və Cəbrayılla əlaqələri kəsildiyindən qəza tam blokada vəziyyətinə düşmüşdü. Digər tərəfdən isə erməni kəndlərindəki silahlı quldur dəstələri ilə yanaşı qəzada azəri türklərinin qanına susayan general Andronik Ozanyanın təpədən – dırnağa silahlanmış erməni əsgərlərindən ibarət nizami ordusu da var idi. Həmin ordunun Ərzurumda başladığı, Naxçıvanda, Çöyçə mahalında, İrəvanda davam etdirdiyi ağlasığmaz cinayətləri Zəngəzurda ən dəhşətli həddə çatmışdı. Andronik oradakı müsəlman əhalidən ya xristian dinini qəbul edib Ermənistan hökumətinə tabe olmağı, ya da bu ərazilərdən təcili surətdə çıxıb getməyi tələb edirdi. Qəzanın müsəlman əhalisi zəif silahlanmış olsalar belə qorxub-çəkinmədən: “bura sizin kimi gəlmə ermənilərin yox, bizim qədim ata-baba torpağımızdır, son nəfəsimiz qalanadək onu tərk etməyəcəyik” – deyə vəhşi daşnak generalının haqsız tələblərinə qarşı öz kəskin etiraz səslərini ucaldıb ölüm-dirim savaşına atılsalar da, son nəticədə onlardan qat-qat güclü olan düşmənin cinayətkar aksiyalarının qurbanı oldular. Onların “bura bizim qədim ana-baba torpağımızdır” – deməyə haqları da var idi. Qoy qanlı terror aksiyalarını və soyqırımlarını özlərinə peşə seçmiş ermənilərin sadiq din qardaşları olan avropalı antropoloqlar bütün Ermənistan torpağının altını qaldırıb oradakı cəsədlərin bədən və kəllə ölçüləri, diş quruluşları və qan qrupları üzərində bir daha ciddi tədqiqat işləri aparsınlar. Yalnız o zaman bu qədim diyarın oborigen əhalisinin, yəni ən qədim yerli sakinlərinin uydurma “armenoid irqi”nə, yəni qısabaşlılar və braxikranlar qrupuna yox, uzunbaşlılar və ya dolixokranlar qrupuna, yəni “türk irqi”nə mənsub olduğunu etiraf etmək məcburiyyətində qalacaqlar.
Arsen Əmiriyan adlı bir erməni jurnalisti “Bakinski raboçi” qəzetinin 1918-ci il 28 may nömrəsində dərc olunmuş məqaləsində öz qan qardaşlarının cinayətləri haqqında yazır: “Daşnaklar İrəvan quberniyasında 200 müsəlman kəndini dağıdıb yerlə-yeksan etmişlər. Camaat evsiz-eşiksiz və çörəksiz qalıb. Hazırda Zəngəzur bölgəsində qırğınlar və qətl-qarətlər davam edir. Daşnaklar müsəlman kəndlilərini bax beləcə qırırlar”. Bunu ki, biz demirik. Erməni jurnalist öz qan qardaşlarının cinayətlərini etiraf edir.
Şahidlərin ifadələrinə görə, ermənilər Zəngəzur qəzasının darvazaları sayılan Atqız, Oxsu, Pirdavan, Şəbadin və Aralıq kəndlərini dağıdıb, qətlə yetirdikləri insanları quyulara dolduraraq üstünü torpaqladıqdan, yaxud tonqallarda diri-diri yandırdıqdan sonra sağ qalıb gizlənənləri tapmaq üçün ətraf əraziləri mühasirəyə alırdılar. Erməni vəhşilərinin əlindən qurtulub Saqqarsu kəndində gizlənmək məcburiyyətində qalmış biçarə qaçqınlar yaxınlıqda “Ya Əli” nidası eşidərkən türk qardaşlarının onların imdadına yetdiyini zənn edib, ağlaya-ağlaya səsə doğru yüyürərkən yenidən erməni quldurlarının fəlakət toruna düşmüş və son nəfərlərinədək vəhşicəsinə qətlə yetirilmişlər. Vağudu kəndi dağıdılarkən ermənilər 400 nəfər müsəlmanın sığındığı məscidin qapılarını bağlamış, əvvəlcə onun pəncərələrindən içəri əl qumbaraları tullamış, sonra isə bu müqəddəs Allah evini içindəki adamlarla birlikdə yandırıb külə döndərmişlər. Şahidlərin respublika Dövlət Arxivində bugünədək qorunub saxlanan ifadələrində qeyd olunduğu kimi, həmin kənddə ermənilər küçələrdə qaçıb canlarını qurtarmağa çalışan qadın və uşaqların başlarını qılıncla üzürdülər. Şəki kəndində küçələr döşləri, qol və ayaqları kəsilmiş qadınların və bədənləri qılıncla iki yerə şaqqalanmış 3-4 yaşlı uşaqların cəsədləri ilə dolu idi. Çüllü kəndində ermənilər yorğan-döşəkdə xəstə yatan 9 azərbaycanlını xəncərlə tikə-tikə doğramışdılar. Müsəlmanlar kəndində meyitlər o dərəcədə eybəcər hala salınmışdı ki, onların kimliyini müəyyən etmək qeyri-mümkün idi. Hamısının qolları, ayaqları, başları kəsilmiş və həmin əzalar bir-birlərindən elə uzaqlaşdırılmışdı ki, hansı əzanın kimə məxsus olduğunu aydınlaşdırmaq müşkül məsələ idi. İrmişli kəndinə hücum edərkən ermənilər südəmər uşaqları süngülərin ucuna keçirib havaya qaldırır, o məsum körpələri elə havadaca qılıncla doğram-doğram edirdilər. Bu cür dəhşətli cinayətlər demək olar ki, dağıdılmış müsəlman kəndlərinin hər birində törədilmişdi. Bütün bu cinayətlərin və qətliamların əsas törədiciləri isə “Daşnaksütyun” terror təşkilatının üzvü, qatil Andronikin başçılıq etdiyi erməni quldur birləşmələri idi. Şahidlərin ifadələrinə görə, bütün qətl-qarətlər onun ümumi rəhbərliyi altında həyata keçirilirdi.