• 20 May 2024

Prezidentdən ABŞ-a xəbərdarlıq, Avropaya sərt mesajlar

 Prezidentdən ABŞ-a xəbərdarlıq, Avropaya sərt mesajlar

Azərbaycanın dövlət başçısından “həmsədr” qiyafəsində oyunlar oynayan paytaxtlara “nöqtəli zərbələr”; ekspert: “Qərb Ermənistanın İran, Türkiyə və Azərbaycanla sərhədlərini nəzarətə götürmək istəyir”

Prezident İlham Əliyev fevralın 28-də Alman İqtisadiyyatının Şərq Komitəsinin sədri Mixael Harmsın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edərkən bir sıra mühüm mesajlar verib. Bu mesajların ünvanın Prezident kifayət qədər aydın ifadə edib: Avropa Birliyi, Avropa Şurası, Fransa və ABŞ.

Dövlət başçısı Avropa Birliyi rəsmisi Cozef Borrelin qeyri-adekvat bəyanatlarına diqqət çəkib: “Borrel bildirib ki, Azərbaycan Ermənistana hücum edərsə, bunun acı nəticələrini görəcək. Əvvəla, Borrel bu məlumatı haradan alıb ki, Azərbaycan Ermənistana hücum etməyi planlaşdırır? Bizdə belə planlar yoxdur”, – Prezident deyib. İlham Əliyev qeyd edib ki, bütün bunlar cənab Makronun insinuasiyalarıdır: “Bütün bunlar Fransanın guya Azərbaycanın Ermənistana hücuma hazırlanması ilə bağlı ölkəmizin demonizə edilməsinə əsaslanan anti-Azərbaycan siyasətinin bir hissəsidir. Ermənistanla sərhəddə son dəfə 2023-cü ilin sentyabrında ciddi gərginləşmədən sonra bu ilin fevralınadək olan dövrdə sərhəddə vəziyyət sakit idi. Lakin fevral ayında erməni snayperi Azərbaycan əsgərini ağır yaraladıqdan sonra biz buna vaxtında adekvat və dəqiq cavab verməli olduq. Bizim bu cavab bir neçə dəqiqə çəkdi və Ermənistanın bunu dərk etməsinə kifayət etdi ki, azərbaycanlıların öldürülməsi cəhdi cəzasız qalmayacaq və dediyim kimi, ötən ilin sentyabrından bu hadisə istisna olmaqla sərhəddə sakitçilik hökm sürür. Deməli, cənab Borrel və cənab Makron bu informasiyanı reallıqdan deyil, öz xəyallarından götürürlər”.

Prezident Fransa, ABŞ və Rusiyanın 31 illik fəaliyyətsizliyi haqda da danışıb: “Həmsədrlər ədalətin bərpa olunması üçün heç bir addım atmadılar. Biz öz torpaqlarımızı azad etməyə başlayanda bu üç ölkə bizə təzyiqlər göstərməyə başladı. Onlar istəmirdilər ki, biz öz torpaqlarımızı azad edək. Ötən ilin sentyabrında biz separatizmə son qoyduğumuz zaman onlar yenə də səhv etdilər. Onların bəziləri indi də səhv edirlər. Mən ABŞ və Fransanı nəzərdə tuturam. Düşünürəm ki, Rusiya indi nəyin baş verdiyini yaxşı anlayır və yeni reallıqları qəbul edir. ABŞ və Fransa da eyni cür hərəkət etməlidir. Əks təqdirdə, vəziyyət onların planlaşdırdığı kimi olmayacaq. Bu ölkələr Cənubi Qafqazda buranın aparıcı ölkəsi, iqtisadiyyatı, ordusu, geniş beynəlxalq əlaqələri olan Azərbaycanla işləməlidirlər”. Prezident İlham Əliyev Strasburqda qəbul olunan qərəzli qətnamədən bəhs edərkən bildirib ki, əgər bir il ərzində nümayəndə heyətimizin hüquqları bərpa olunmazsa, biz Avropa Şurasından tamamilə çıxmağımız barədə məsələyə ciddi şəkildə baxa bilərik. Dövlətimizin başçısı bir məsələni də təəssüf hissi ilə qeyd edib ki, Almaniya mətbuatında Azərbaycan guya azadlıqların təmin olunmadığı, insanların öz fikirlərinə görə həbs olunduğu, diktaturanın hökm sürdüyü despotik bir ölkə kimi təqdim edilir. “Bu, tamamilə yalandır və mən bundan təəssüf hissi keçirirəm”, – deyən Prezident İlham Əliyev etirazını ifadə edib.

Sahib Alıyev: Vətən müharibəsində Zəfər qazanmağımızın əsas səbəbi məhz  milli həmrəylimiz oldu - AZƏRTAC

Sahib Alıyev

Deputat Sahib Alıyev bu xəbərdarlıqları sıradan məsələ hesab etmir: “Almaniyanın Azərbaycanla geniş əməkdaşlıq məqsədilə ölkəmizə göndərdiyi 40-dan artıq şirkətinin rəhbərləri, eləcə də təmsilçiləri ilə görüşdə Prezident İlham Əliyev hər birimizin ürəyindən xəbər verən və əminəm ki, geniş reaksiya doğuracaq bir sıra fikirlər söylədi ki, onların arasında Minsk Qrupu həmsədrlərini konkret adlarını çəkməklə prinsipial olduğu qədər də açıq tənqid də var idi: ”30 illik bir müddətdə özlərini beynəlxalq birlik adlandıran Fransa, ABŞ və Rusiya – həmsədrlər ədalətin bərpa olunması üçün heç bir addım atmadılar. Biz öz torpaqlarımızı azad etməyə başlayanda bu üç ölkə bizə təzyiqlər göstərməyə başladı. Hər biri bizi öz yolumuzdan döndərmək üçün müxtəlif alətlərdən istifadə etdi. Onlar istəmirdilər ki, biz öz torpaqlarımızı azad edək. Ötən ilin sentyabrında biz separatizmə son qoyduğumuz zaman onlar yenə də səhv etdilər. Onların bəziləri indi də səhv edirlər. Mən ABŞ və Fransanı nəzərdə tuturam. Düşünürəm ki, Rusiya indi nəyin baş verdiyini yaxşı anlayır və yeni reallıqları qəbul edir. ABŞ və Fransa da eyni cür hərəkət etməlidirlər. Əks təqdirdə, vəziyyət onların planlaşdırdığı kimi olmayacaq. Bu ölkələr Cənubi Qafqazda buranın aparıcı ölkəsi, iqtisadiyyatı, ordusu, geniş beynəlxalq əlaqələri olan Azərbaycanla işləməlidirl”.

Elçin Mirzəbəyli: Zəfər Qurultayı Azərbaycan diasporunun tarixində yeni bir  mərhələnin başlanğıcıdır - AZƏRTAC

 Elçin Mirzəbəyli 

Siyasi şərhçi Elçin Mirzəbəyli isə bildirdi ki, Azərbaycan bölgənin açar dövlətidir və ölkəmizin regional proseslərdə aparıcı rolu nəzərə alınmadan, bu və ya digər qütbün, xüsusilə də bölgədənkənar qüvvələrin Cənubi Qafqazda maraqlarının uzlaşdırılması, balanslaşdırılması, yaxud təmin edilməsi mümkün deyil: “Bu, təkcə Azərbaycanın təbi ehtiyatları, coğrafi mövqeyi, ölkəmizin iştirakı və təşəbbüsü həyata keçirilən layihələrlə bağlı məsələ deyil. Azərbaycan Avrasiyadakı türk xalqları və topluluqları arasında körpü rolunu oynayır. Xalqımız mental olaraq, həm Türkiyə, həm Güney Azərbaycan (İran), həm Mərkəzi Asiya, həm Rusiyanın Şimali Qafqaz bölgəsindən başlayaraq, Tatarstan, Başqırdıstan, Çuvaşıstan və digər ərazilərinə kimi, nəhəng bir regionda yaşayan türk və müsəlman xalqları arasında mühüm mövqeyə malik olmaqla yanaşı, Avrasiyanın əhəmiyyətli hissəsində cərəyan edən etnososial, etnomədəni proseslərdə ”lakmus kağızı” funksiyasını yerinə yetrir. Azərbaycan Türk xalqları və etnik qruplarına ciddi etnomədəni təsir potensialına malik ölkədir və qarşılıqlı əlaqələrdə təbii tənzimləyici, birləşdirici imkanlara sahibdir”. E.Mirzəbəyli təəssüflə vurğuladı ki, Qərb SSRİ-nin süqutundan sonra, postsovet məkanındakı etnomədəni və etnososial amillərlə bağlı buraxdığı səhvləri yenə də davam etdirməkdədir: “Bu baxımdan, Azərbaycana münasibətdə sərgilənən yanaşmaların əks təsirinin təkcə Cənubi Qafqazda deyil, Avrasiyada özünü büruzə verəcəyini düşünürəm. Diqqət yetirsəniz, Cozef Borrel və onun kimi erməni havasına oynayanların paralel olaraq, iki fikir səsləndirdiyinin şahidi ola bilərsiniz. İstər Borrel, istər Makron, istərsə də “erməni kartı”na aludə olan digərləri bir tərəfdən “Azərbaycan müharibəyə hazırlaşır”, digər tərəfdən isə “Ermənistanın müdafiəyə ehtiyacı var” iddialarını irəli sürürlər. Birinci iddia, şübhəsiz ki, ikincinin təmin edilməsinə xidmət edir. Bu iddilarla Fransa və digərləri Ermənistana hərbi yardım və bölgəyə müdaxilə üçün bəhanə uydurur, daha sonra isə qlobal müstəvidə bu bəhanələrə uyğun ajiotaj yaradırlar. Məqsəd isə “Avropa Sülh Fondu” tərəfindən, Aİ-yə üzv ölkələrin büdcəsi hesabına Ermənistanı silahlandırmaq, bölgədə yeni müharibə, yaxud müharibələri alovlandırmaqla, diqqətin Şərqi və Mərkəzi Avropada baş verən proseslərdən yayındırılmasına çalışırlar”. Analitikin fikrincə, indiki halda Ermənistanın trampilinə çevrilməsi istiqamətində edilən cəhdlər, əslində Azərbaycandan daha çox, Rusiyaya və bölgənin digər dövlətlərinə yönəlib: “Qərb Ermənistanın İran, Türkiyə və Azərbaycanla sərhədlərini nəzarətə götürmək, Rusiyanı bölgədən uzaqlaşdırmaq, daha sonra isə eyni prosesi Mərkəzi Asiyada həyata keçirmək istəyir. Azərbaycan Prezidenti Alman İqtisadiyyatının Şərq Komitəsinin sədri Mixael Harmsın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edərkən, bütün bu məqamlarla bağlı mesajlarını səsləndirdi və düşünürəm ki, bu mesajlar həm də bölgə dövlətləri tərəfindən ciddi şəkildə nəzərə alınmalıdır. Çünki məsələ Azərbaycan deyil, bütövlükdə Qərbi və Mərkəzi Asiyanın zəngin resurslarını istismar etmək, xalqlarını kölə vəziyyətinə salmaqdır”.

Elşad PAŞASOY